Meydan TV işi: Bu iş əlifbasından düz aparılmır

Xəbərin çap versiyası
Tarix: Bu gün, 20:07


İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, “Meydan TV”-nin xəbərinə görə, prosesi bu dəfə hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti aparıb. İndiyə qədərki proseslərə hakim Aytən Əliyeva sədrlik edirdi. Lakin o, mayda Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunduğundan iş başqa hakimlər kollegiyasının icraatına verilib.

Prosesin əvvəlində iş üzrə dövlət ittihamçısının da dəyişdiyi məlum olub. İttiham tərəfini Vüsal Abdullayevin müdafiə edəcəyi bildirilib. Təqsirləndirilən şəxslər etiraz edərək əvvəlki dövlət ittihamçısının işə qaytarılmasını istəsələr də, etiraz təmin olunmayıb. Daha sonra jurnalistlər və vəkilləri vəsatətlər verib. Təqsirləndirilən şəxslərdən “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bildirib ki, məhkəmə tərkibinin dəyişməsi barədə ona hələ də bildiriş göndərilməyib.

“Yeni tərkibdəkilərdən Azər Tağıyevin siyasi işlərdə təcrübəsi var. “Toplum TV işi”ndə yaxın günlərdə dostlarıma hökm oxuyacaq. Roman Ələkbərli də [Meclis.info saytının həbsdə olan rəhbəri] İmran Əliyevin işini aparır. Zaur müəllim, siz Bakı Hərbi Məhkəməsindən yeni gəlmisiniz, görünür, hələ ilk siyasi işinizdir. Bir bildiriş nədir ki, o da göndərilmir. Bu iş əlifbasından düz aparılmır. Biz onsuz da bilirik ki, burada məhkəmə yoxdur, boş yerə vaxtımız gedir. Heç bir ədalətli məhkəmə gözləntimiz də yoxdur”, - o qeyd edib.

Daha sonra təqsirləndirilən şəxslərdən jurnalist Ramin Deko (Cəbrayılzadə) çıxış edərək xatırladıb ki, əvvəlki məhkəmə tərkibi qarşısında 2024-cü il dekabrın 6-ı tarixi üçün Bakı Beynəlxalq Hava Limanındakı videogörüntülərin alınması barədə vəsatət verib və hakimlər də vəsatəti təmin edib.

“Mən Tbilisidən Bakıya gələndə üstümdə 8 min avro pul olub. Ya doğub, ya qoyublar - necə olubsa, sonra 38 min avroya çevrilib. Vəsatətimin üstündən 3 ay keçib. O videogörüntülər bu müddətdə dığırlana-dığırlana gəlsəydi, indiyə gəlib çatardı məhkəməyə. Ya özünüz alın, ya da məni buraxın, özüm gedib alıb gətirim”, - o bildirib.

Ardınca müdafiəçilər müvəkkillərinin ev dustaqlığına buraxılması üçün vəsatətlər verib.

“Hüquqlarını müdafiə etdiyim şəxslərə qarşı əvvəl qaçaqmalçılıq ittihamı irəli sürülüb və bu ittihamla da həbs qətimkan tədbiri seçilib. İstintaqın sonunda buket ittihamlar verilib. Təcrübədə görürük ki, kilolarla qızıl qaçaqmalçılığı, 5 milyon yarımlıq siqaret qaçaqmalçılığında ittiham olunan şəxslər haqqında, məsələn, Ruslan Eyyubov haqqında məhkəmələrimiz ev dustaqlığı qərarı verir. İstərdik ki, məhkəmələrimizin bu gözəl praktikasından bu işdə də istifadə olunsun”, - vəkil Zibeydə Sadıqova bildirib.

Vəkil Cavad Cavadov müvəkkillərindən jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Aytac Tapdığın, vəkil Bəxtiyar Hacıyev Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun, vəkil Rəşad Əliyev isə fotojurnalist Əhməd Muxtarın ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub. Proses Əhməd Muxtarın ifadəsi ilə davam edib. O bildirib ki, “Meydan TV” ilə heç bir əlaqəsi və əməkdaşlığı olmayıb, sadəcə 2024-cü ilin oktyabrında Tbilisidən Bakıya gələndə A.Elgünəşin xahişi ilə ona 7 min avro pul gətirib.

Növbəti proses iyulun 24-ə təyin olunub.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz