Azərbaycan Rusiyaya nota verib
Tarix: Bu gün, 20:32
Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Civilazerbaijan.com bildirir ki, Azərbaycan XİN-in yaydığı məlunata görə, görüş zamanı Ukraynanın Nikolayev vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub.
Rəsmi Bakı əvvəllər Odessadakı neft bazasına və qazpaylayıcı kompressor stansiyasına edilən hücumları da xatırladıb. Bu zərbələr nəticəsində şirkətə ciddi maddi ziyan dəydiyi və əməkdaşlar arasında yaralananların olduğu səfirin diqqətinə çatdırılıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığını göstərir.
"Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib", - XİN bildirib.
Azərbaycan tərəfi Rusiyanı bütün bu hadisələrlə bağlı hərtərəfli araşdırma aparmağa, izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











