Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu
Tarix: Bu gün, 17:37
İyulun 6-da Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, AzadlıqRadiosunun xəbərinə görə, S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də prosesə qatılmayıb.
Hakim Samir Nəsibov S.Qasımlıdan xüsusi ittihamçının iştirakı olmadan prosesin keçirilməsinə etirazı olub-olmadığını soruşub.
"Şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına aiddir. Bu barədə suallar da insanın nə hisslər keçirməsiylə bağlı olur. Nümayəndəsi burada iştirak edir, amma o, suallarımıza cavab verə bilməz. Deyə bilməz ki, o adam nə hiss keçirib. İnsanın şərəf və ləyaqətini özündən başqa heç kim müdafiə edə bilməz. Təhqir olunubsa, niyə gəlib özünü müdafiə etmir?", - S.Qasımlı cavab verib.
Q.Yusifovun vəkili isə deyib ki, müvəkkili Türkiyədədir və Azərbaycana nə vaxt gələcəyini bilmir.
S.Qasımlının vəkili Ramil Süleymanov məhkəməyə təklif edib ki, belə olan halda, xüsusi ittihamçı ərizəsini geri götürsün və ölkədə olacağı vaxt yenidən məhkəməyə müraciət etsin.
Məhkəmə prosesi təxirə salınıb.
Q.Yusifov S.Qasımlını Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham edir. O, məhkəməyə ərizəsində iddia edib ki, S.Qasımlı "Facebook" hesabındakı paylaşımlarında onu hədələyib və böhtan atıb.
S.Qasımlı həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşıdır. A.Qasımlı 2024-cü ilin dekabrında məhz Q.Yusifovun şikayəti əsasında həbs olunub. Siyasətçi bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il həbs cəzası alıb. O, hədə-qorxuda təqsirli bilinib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu deyir.
S.Qasımlı da ittihamları qəbul etmir, həyat yoldaşının hüquqlarını müdafiə etdiyinə görə hakimiyyətin onu cəzalandırmaq istədiyini deyir. Daxili İşlər Nazirliyi tərəfindən S.Qasımlının ölkədən çıxışına qadağa qoyulub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












