Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir - HƏYAT YOLDAŞI

Xəbərin çap versiyası
Tarix: Bu gün, 15:33


"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli səhhətində problemlər yaşamağa davam edir.

Civilazerbaijan.com
bildirir ki, həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng edərək iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri, boğulma hallarının isə davam etdiyini deyib. Onun sözlərinə görə, həmin gün ürək müayinəsi üçün yanına həkim gəlib.

"Həkim sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim eyni zamanda yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə şişlə bağlı ÜSM müayinəsi ediləcəyini də dedi", - G.Məmmədli qeyd edib.

"Bu şəkildəki görüntüdən, yaratdığınız bu mənzərədən utanmaq lazımdır. Atdığınız şər və böhtanların bir zərrəsi belə bu adama yapışmır, heç kəs də buna inanmır3”, - o əlavə edib.

Həyat yoldaşı daha öncə də Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı ilə bağlı məlumat yaymışdı. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.

“Toplum TV” məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatına sorğu ünvanlayıb. Sorğuya hələlik cavab verilməyib.

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini Ələsgər Məmmədli və bütün digər məhbusların "dərhal kifayət qədər içməli suya, havalandırmaya və zəruri tibbi yardıma çıxışını təmin etməyə" çağırıb.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

İyulun 27-də “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.

"Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs olunanların hamısı ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs edildiklərini bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz