Şəmşad Ağa həbsxanadan yazır: Batan telekanalizasiyalar…

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:29


Arqument.az-ın Baş redaktoru və Meydan TV-nin redaktoru hazırda həbsdə olan Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından yazır.

Civilazerbaijan.com
Meydan TV-yə istinadla həmin yazını olduğu kimi təqdim edir:

Şəmşad Ağa
Batan telekanalizasiyalar…


Həbsxanada alternativ informasiya mənbələri olmadığından kitablardan başımı ayırıb arada Azərbaycan televiziyalarına da baxıram. Acınacaqlı mənzərədir: məzmun yox, forma Sovetdən qalma, təkrarçılıq və köhnə nağıllar…

Həqiqətin nəinki yaxın buraxılmadığı, açıq-aşkar inkar edildiyi mavi ekranlara hər baxanda yadıma bəzi məqamlar düşür: yağmurlu havalarda su altında qalan paytaxt küçələri, “normadan artıq” yağan “günahkar” yağış və aşıb-daşan kanalizasiyalar…

Hazırda Bakının kanalizasiya sistemi hansı gündədirsə, Azərbaycan televiziyaları da eyni vəziyyətdədir. Hər ikisi Sovetdən qalma problemdir, yəni heç nə dəyişməyib və xələflər sələflərin yolu ilə gedir.

İllər öncə həmkarımız Zamin Hacı Azərbaycan televiziyalarına dəqiq və mahiyyətə uyğun ad qoyub: telekanalizasiyalar. Bəzən bir çox parlaq və istedadlı gəncin öz gələcəyini bu çirkabın içində bulaşdırdığını görəndə isə kədərlənirəm.

Bu yaxınlarda təsadüfən baxdığım bir müzakirədə İTV rəhbəri Balakişi Qasımov Azərbaycan televiziyalarını obrazlı şəkildə batan “Titanik”ə bənzətdi. Onun televiziyalarla bağlı çərçivəli tənqidi və tədbirliliyi təsadüfi deyildi. Əgər 10 milyonluq bir ölkənin İctimai Televiziyasına gün ərzində orta hesabla hər evdə cəmi 80-90 saniyə baxılırsa, digər televiziyalardan danışmağa dəyməz. Bu isə teleməkanın iflasıdır.

Diqqət etdinizsə, Balaş müəllim növbəti “seçkilər”də iştirak etmək istəmədiyini də dilə gətirdi. Artıq o da başa düşür ki, batan gəmini vaxtında tərk etmək lazımdır. Çünki Şərq müdriklərinin təbirincə desəm, səmti bilinməyən gəmiyə külək də kömək etmir. Düzdür, Balaş Qasımovun bu sistemə xidmətləri də az olmayıb. Hətta bir vaxtlar müxalifətdə olan bəzi intellektuallar məhz onun vasitəçiliyi ilə hakimiyyət tərəfə keçərək “dönüklər” siyahısına düşüblər. Amma insafən, Balaş Qasımov da avtoritar sistemin özünüifadə imkanından məhrum etdiyi intellektuallardandır.

Azərbaycan televiziyalarınınsa əsas problemi odur ki, onun məzmununda ölkə insanının problemi, onun fundamental həlli yollarının axtarışı, vətəndaş amili diskursu yoxdur. Televiziya rəhbərlərinin bəziləri bu gerçək problemi görsələr də, dilə gətirə, efirə sığışdıra bilmirlər. Ona görə də bu biznesi əllərində saxlamaq üçün yeni-yeni bəhanələr uydururlar. Məsələn, guya xarici televiziyaların yaydığı xəbərə etimad edilirmiş, xəbərin özü yoxdursa və ya bayatlaşıbsa, onun təsdiqi kimə lazımdır? Hələ təsdiqləyən rəsmi mənbənin özünə etimad yoxdursa…

Bu, xəbəri təxminən kanalizasiyada tapılan hansısa qiymətli əşyaya çevirmək cəhdidir. Heç kəs anlamır və ya cəsarət etmir desin ki, avtoritarizm içindən çürüyən bir sistemdir. O özü ilə cəmiyyəti də, onun dəyərlərini də, ona zəncirvari bağlı olan bütün komponentləri də çürüdür. Bir sözlə, kökünə qurd düşmüş ağacın qol-budağı da gec-tez qırılıb-tökülməyə məhkumdur.

Müqayisəyə gəlincə, bir az qüsurludur: “Titanik” heç olmasa böyük okean sularında qərq olmuşdu, telekanalizasiyalar isə öz axıtdığı çirkabın içində batır…

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz