Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil - PAŞİNYAN
Tarix: Bu gün, 15:33
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanın Kərki, Bərxudarlı və Yuxarı Əskipara anklavları Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadratkilometrlik ərazisinə daxil deyil.
Civilazerbaijan.com bildirir ki, Paşinyan bunu avqustun 27-də keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycanın üç anklavından fərqli olaraq, Ermənistanın Azərbaycan ərazisi daxilində yerləşən Başkənd (Artsvaşen) eksklavı Ermənistanın 29 min 743 kvadratkilometrlik ərazisinin tərkib hissəsi hesab olunur.
Baş nazir xatırladıb ki, Bakı və Yerevanın razılaşdırdığı delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycan, Başkənd isə Ermənistan ərazisidir. Paşinyan vurğulayıb ki, Kərkinin adını çəkməklə onun Azərbaycana qaytarılmasına dair hər hansı razılaşmadan danışmayıb, yalnız ərazinin hüquqi mənsubiyyətini qeyd edib:
“Qaytarılmadan danışmamışam. Sadəcə, Kərkinin adını çəkərək belə bir ərazinin mövcudluğunu qeyd etmişəm. Mən demişəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 min 743 kvadratkilometrdir. Üç anklav ərazisi bu hesablamaya daxil deyil. Bizim Artsvaşen (Başkənd) isə daxildir”.
Paşinyanın sözlərinə görə, Yerevan bu yanaşmadan imtina edərsə, faktiki olaraq Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 min 743 kvadratkilometrdən daha böyük olduğunu iddia etmiş olar.
“Əgər bunu qəbul etmiriksə, deməli, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 min 743 yox, məsələn, 29 min 755 kvadratkilometr olduğunu deyirik. Bu isə dolayı yolla Azərbaycana müharibə elan etmək deməkdir”, - Paşinyan bildirib.
Baş nazir anklavlarla bağlı açıqlamalarını mövzunun gələcəkdə yeni eskalasiyaya səbəb kimi istifadə edilməsinin qarşısını almaq istəyi ilə izah edib. O deyib ki, həm Ermənistan daxilində, həm də xaricdə Bakı ilə Yerevan arasında yaranmış sülh mühitini pozmaq istəyən qüvvələr var.
“Mən, kobud desək, bu mövzudakı gərginlik potensialını aradan qaldırıram ki, onun ətrafında eskalasiya yaratmaq mümkün olmasın. Hazırda Azərbaycanla bu məsələni müzakirə etmirik. Amma delimitasiya məsələmiz var”, - Paşinyan deyib.
O, anklavların ərazi mənsubiyyətinin tanınmasını Ermənistanın suveren ərazisinin Azərbaycan nəzarətində olduğunu bildirdiyi sahələrlə də əlaqələndirib. Paşinyanın fikrincə, Yerevan Kərkinin Azərbaycan ərazisi olduğunu qəbul etməsə, faktiki olaraq “kim nəyi ələ keçiribsə, ora onundur” prinsipini qəbul etmiş olar. Baş nazir bunun Ermənistanın Cermuk istiqamətində Azərbaycan Ordusunun nəzarətində olduğunu iddia etdiyi ərazilərlə bağlı mövqeyinə də təsir göstərə biləcəyini söyləyib:
“Əgər Kərki deməsək, onda Cermukdakı ərazilərdən də imtina etmiş olarıq. Belə çıxar ki, kim nəyi ələ keçirib, ora da onundur”.
Paşinyan anklav və eksklavlar məsələsini sülh prosesinə mane olmaq üçün istifadə oluna biləcək son mövzulardan biri adlandırıb və bu məsələnin gələcəkdə adi delimitasiya prosesi çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib. O, Ermənistanın suveren ərazisindən hər hansı güzəştə gedilməsini istisna edib. Qarabağla bağlı mümkün güzəştlər barədə suala isə Paşinyan belə cavab verib:
“Əgər Qarabağı nəzərdə tuturlarsa, Ermənistanı və erməni xalqını bu tələdən çıxardığıma görə qürur duyuram”.
Baş nazir bildirib ki, anklavlarla bağlı hazırda Bakı ilə konkret danışıqlar aparılmır, məsələ delimitasiya komissiyalarının səlahiyyət dairəsinə daxildir. Onun sözlərinə görə, tərəflər arasında yalnız fikir mübadiləsi və delimitasiyanın mümkün ssenariləri müzakirə olunub. Paşinyan anklavların Azərbaycana verilməsinin Ermənistanın ayrı-ayrı bölgələri arasında əlaqəni poza biləcəyi barədə fikirlərlə də razılaşmayıb və Kirantsda aparılmış delimitasiya prosesini nümunə göstərib.
“Bütün problemləri sakit şəkildə müzakirə etməliyik. İnsanların köçürülməsi ilə müşayiət olunan həll olmamalıdır”, - Ermənistanın Baş naziri bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












