Əli Kərimlinin apellyasiya şikayəti təmin edilməyib
Tarix: 12-08-2019, 23:30
Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin şikayətinə baxılıb.
Şikayət Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarından verilib.
Həmin qərarla məhkəmə Ə. Kərimlinin xeyriyyə marafonunda iştirak edərkən saxlanmasını onun hüquq və azadlıqlarının pozuntusu kimi qiymətləndirməkdən imtina etmişdi.
CİVİL AZERBAİJAN-ın məlumatına görə AXCP mətbuat xidmətindən bildirilib ki, Ə. Kərimlinin apelyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyilə baxılıb.
Qapalı keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
AXCP mətbuat xidmətindən bildirilib ki, bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət hazırlanır və yaxın vaxtlarda göndəriləcək:
"İyulun 28-də Əli Kərimli heç bir əsas olmadan faktiki həbs olunub, iki saatdan artıq saxlanılıb. Sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən insanlara kəsilən cərimələrin ödənməsi üçün xeyriyyə marafonunun təşkilində də, bu marafonda iştirak edib ianə verilməsində də heç bir qanun pozuntusu yoxdur. Bu barədə öncədən də elan verilmişdi. Amma polislər qanunsuzluq edərək Əli Kərimlini apardılar, tədbiri dağıtdılar, binanı mühasirəyə aldılar. Əli Kərimlini Binəqədi Rayon Polis İdarəsinə aparıb orada saxlasalar da, partiya üzvlərinə, başqa ictimai-siyasi fəallara yalan məlumat verilirdi ki, guya orada deyil, məhkəməyə aparılıb. Bununla paralel hökumətyönlü mediada Əli Kərimli haqqında böhtan xarakterli məlumatlar yayıldı, ardınca Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bənzər açıqlama yaydı. Bütün bunlar həmin hadisələrin eyni mərkəzdən idarə olunduğunu göstərirdi”.
Ə. Kərimli şikayət ərizəsində iyunun 28-də saxlanmasının qanunsuz həbs olduğunu göstərib və məhkəmədən də bu cür qiymətləndirilməsini istəmişdi. AXCP sədri Azərbaycanın da ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının (azadlıq hüququ, birləşmək hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ və s.) pozulduğunu bildirir.
İyunun 28-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilirdi ki, Ə. Kərimli Müsavat Partiyasının qərargahı qarşısında qanunsuz yürüşə çağırış etdiyinə görə polisə dəvət olunub. Ona xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. (Meydan TV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər