Aclığı davam etdirən jurnalist 10 kiloqram çəki itirib

Xəbərin çap versiyası
Tarix: 15-08-2019, 15:32
Aclığı davam etdirən jurnalist 10 kiloqram çəki itirib


Həbsdə olan saytının redaktoru İkram Rəhimovun bu gün, avqustun 15-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən ailəsinə zəng vurduğu bildirilir.

CİVİL AZERBAİJAN bildirir ki, ailəsinin verdiyi məlumata görə, o, quru aclığı davam etdirdiyini deyib. Yaxınlarının vurğulamasına görə, İ. Rəhimovun səhhətində problemlər yaranıb.

«Onun təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırıb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır. Təcridxanada qida qəbul etməsi üçün təzyiq etdiklərini dedi. İkram ona qarşı edilən haqsızlıq davam etdiyi üçün quru aclığı davam etdirəcəyini bildirdi. Danışığımız çox qısa oldu. Çünki o danışanda çətinlik çəkirdi, səsi çox xırıltılı idi», - ailə üzvü bildirib.

Penitensiar Xidmət: «Quru aclıq keçirmir, su qəbul edir»

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən də İ. Rəhimovun aclıq etdiyini təsdiqləyiblər.

«İkram Rəhimov bir neçə gündür aclıq edir. Aclıq etmək onun hüququdur və bu hüququndan istifadə edir. O, quru aclıq keçirmir, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. Hazırda səhhətində problem yaranmayıb. Ona qida qəbulu üçün təzyiq edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır», - Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

İ. Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. Elə avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İ. Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ. Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi.

Onda bu açıqlamaya Ə. Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ. Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ. Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ. Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi. (Amerikanın səsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz