Ailəsi İkram Rəhimovun aclığı dayandırdığını təsdiq edib
Tarix: 5-09-2019, 23:30
Realliq.info saytının redaktoru İkram Rəhimovun qohumları Penitensiar Xidmətin jurnalistin 30-cü günündə aclığı dayandırması barədə məlumatını təsdiq edib.
CİVİL AZERBAİJAN-ın məlumatına görə ailə üzvləri jurnalistin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində onunla görüşdən sonra bildiriblər ki, Rəhimov üçün ölüm təhlkəsi yarandığından həkimlər onun məcburən aclığı dayandırmasını xahiş edib.
“İkram Rəhimov sentyabrın 4-də gecə saatlarında qida qəbuluna başlayıb. Hazırda İkramın səhhətində ciddi problemlər qalmaqdadır. Onun müalicəsi davm etdirilir,” jurnalistin ailə üzvlərindən biri Amerikanın Səsinə deyib.
Realliq.info saytının redaktoru İkram Rəhimov bu il iyunun 12-də onu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edən məhkəmənin qərarına etiraz əlaməti olaraq aclığa başlayıb. O, özünü təqsirli bilmir.
Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Vəkil həmçinin Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. (Amerikanın Səsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər