"Hökumət uşaqpulunu verməyə məhkumdur" - CƏMİL HƏSƏNLİ

Xəbərin çap versiyası
Tarix: 9-09-2019, 13:12
"Hökumət uşaqpulunu verməyə məhkumdur" -


Son günlərdə Azərbaycanda “uşaqpulunun” verilməsi məsələsi yenidən aktuallaşıb. Səbəb isə əvvəlcə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzaovun, ardınca da YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun “uşaqpulunun” verilməsinə ehtiyac görmədiklərini işarə edən fikirlər səsləndirməsi olub.

CİVİL AZERBAİJAN xəbər veirir ki, Milli Şuranın sədri Cəmil Həsənli də bu məsələyə facebook səhifəsində münasibət bildirib, hökuməti “uşaqpulunu” vermək istəməməsinə görə sərt tənqid edib:

“Vaxtı ilə Sovet hökumətinin verdiyi uşaqpulu ilə böyüyən uşaqlar YAP “kişiləri” olduqdan sonra niyə ehtiyac içərisində yaşayan ailələrə uşaqpulu verilməsinin əleyhinə sərsəm dəlillər gətirirlər? Biri deyir YAP hakimiyyəti ölkəni “ağ günə” çıxardığı üçün Azərbaycan ailələrinin uşaqpuluna ehtiyacı yoxdur, o biri deyir ölkədə uşaq artımından başqa ayrı bir artım olmadığı üçün buna lüzum yoxdur və s. Halbuki elə həmin hökumət sözçüləri bir müddət əvvəl uşaqpullarının veriləcəyi haqqında cəmiyyətə şirin vədlər verirdilər. Nə oldu bəs, niyə vədlərinə xilaf ağız sürüyürlər indi.

Bunun səbəblərinə keçməzdən əvvəl, bəri başdan deyim ki, hökumət uşaqpulunu verməyə məhkumdur və verəcək. Sadəcə ayrı yolu qalmayıb. Bunun əleyhinə gətirilən dəlillər heç bir tənqidə dözümlü deyil. Ailələr ehtiyac içindədir. Çoxlarının nəinki uşaqlarını məktəbə göndərməyə, minumum tibbi xidmətlə təmin etməyə, körpələrin ən elementar məişət qayğılarını yerinə yetirməyə imkanı qalmayıb, hətta ölkə uşaqlarının böyük bir hissəsinin normal qidalanma hüququ əlindən alınıb. Bir müddəd əvvəl çörək problemi qarşısında qalan bir ana yazmışdı ki, gecə olanda səhərin açılmasın istəmirəm, çünki səhər açılsa uşaqlar məndən çörək istəyəcəklər. Ölkədə çörək dilemması ilə üzləşən belə vaideynlərin sayı minlərlədir.

Niyə vermək istəmirlər uşaqpulun? Bu ilk növbədə İlham Əliyevin siyasətinin antimilli, kriminal və korrupsioner mahiyyəti ilə bağlıdır. Ərazisi işğal altında olan bir ölkənin müdafiə xərclərini oğurlayan bir hakimiyyət hansı uşaq ehtiyacını içdən yaşaya bilər? 19 yanvar mitinqindən sonra aşağı-yuxari 3 milyard manat xərcə düşən hökumət uşaqpuluna çatanda dirəniş göstərir. Bunların nə bəhanə gətirmələrindən asılı olmayaraq təxminən 1 milyard yarım manata başa gəlməli olan uşaqpulunu verməyə məhkumdurlar.

Hakim ailənin varlanması üçün büdcədə korrupsiya layihələrinə yönəldilən təyinatsız vəsaitlərin bəlli ünvanı uşaqpulu olmalıdır. Qaza, işığa tətbiq edilən limit hoqqabazlığı aradan qaldırılmalıdır. Əli Əhmədovun, Səyavuş Novruzovun canfəşanlığına gəldikdə isə bunların yanaşması köhnə bir Azərbaycan misalındakı deyimə bənzəyir: Ağanın malı gedər, muzdurun canı çıxar! Bunlar millətin səfalət içərisində yaşamasına göz yumub öz ağalarının bir az xərcə düşməsini istəmirlər.

Necə olur: hər sentinə ehtiyacı olan bu millətin milyardlarını mənasız Avropa oyunlarına, Formula öhdəliklərinə sovura bilirsiniz, Azərbaycan balalarının dərs keçdiyi dam-daşından ilan sallanan sinif otaqların qoyub, hakim ailənin saxta immicini “təmizə” çıxarmaq üçün Müqəddəs Petka məbədin, Roma katakombaların, dünyanın ən zəngim Luvr sarayının təmiratına milyonlar xərcləyə bilirsiniz, əyri və natəmiz yollarla 3 milyard dollar həcmində olan vəsaiti ölkədən çıxarıb natəmiz cəmdəyinizi “Azərbaycan camaşırxanası”nda yuya bilirsiniz, amma eytiyac içində olan ölkə yavrularına verməyə pul tapa bilmirsiniz? Budur Sizin antimilli mahiyyətiniz, antihumanist mənəviyyatınız, yetim malına göz dikən əxlaqınız! Ayrı nə demək olar!”

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz