Arif Əliyevin yeni saytında kimlər işləyəcək?

Xəbərin çap versiyası
Tarix: 16-09-2019, 13:20
Jurnalist, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev "pressclub.az" adlı xəbər saytı açıb.

CİVİLAZERBAİJAN.COM-un məlumatına görə, A. Əliyev saytın necə olacağına, orada kimlərlə çalışacağına da aydınlıq gətirib: "Bir müddət əvvəl Azərbaycan mediası yanğından çıxmış meşəni xatırladırdı. Amma "meşənin ruhu” diri olanda "yağış” damcısı da həyatın yenidən cücərməsinə bəs edir. Bir neçə jurnalist həbsdən çıxdı, "Turan” işini bərpa etdi, "Zerkalo” hərəkətə gəldi, "Ayna” dirçəldi. İndi Bakı Mətbuat Klubunun dönmək vaxtıdır. Simasını dəyişmiş media məkanına Klubumuz fərqli formatda, yeni təqdimatla qayıdacaq. Yəni, bu, keçmişə donüş yox, gələcəyə qayıdış olacaq”,-deyə o bildirib.

A. Əliyevin sözlərinə görə, dünya qloballaşır, həyatla ayaqlaşmaq üçün biz də təfəkkürümüzün, onunla bərabər mediamızın sərhədlərini genişləndirməliyik:

"Əslində bu, "köhnəzehinlilərin” müqavimətindən asılı olmayaraq baş verir. Dünənə qədər birgə çalışdığımız həmkarlarımızın sorağı bu gün qitənin o başından, okeanın o tayından gəlir. Pressklub saytı aradakı sədləri götürməyə, bütün potensialı həm mediamızın, həm Azərbaycanın xeyrinə yönəltməyə çalışır. Amal budur və biz həmkarlarımızın çağırışa cavab verəcəyinə inanırıq”.

A. Əliyev deyib ki, Bakı Mətbuat Klubunun saytı Azərbaycanın media professionalları ilə yanaşı, başqa ölkələrdə yaşayan və eyni sahədə çalışan həmvətənlərimizi, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistləri bir araya gətirəcək platformadır.

"Təbii ki, virtual Klub üz-üzə əyləşib çay süfrəsi arxasında söhbətləşmək imkanı vermir. Amma o, ünsiyyət qurmaq, bilikləri artırmaq, fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq: Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.

Mətbuat Klubu onun "qapısını” döyənlərin üzünə açıqdır. Buraya daxil olarkən sizdən nə yaşınızı, nə cinsinizi, nə milliyyətinizi soruşacaqlar; boyunuz və çəkiniz heç bir əhəmiyyət kəsb etmədiyi kimi, siyasi baxışlarınız da kimsədə sual doğurmayacaq. İkicə şey: media mənsubu olmağınız və Azərbaycanla bağlılığınız, yaxud ona maraq göstərməyiniz kifayətdir. Bu marağı mümkün qədər dolğun təmin etmək üçün isə sayt, şəbəkə üzvlərinin birbaşa ünsiyyətinə şərait yaradan Forum bölümündən başqa, müxtəlif rubrikalar təklif edir”.

A. Əliyev əməkdaşlarının ən maraqlı, mühüm, bəzən diqqətdən kənarda qalan mövzularda araşdırmalar edəcəyini söyləyib.

O, pressklub.az saytının "qapıları”nın sentyabrın 17-si saat 12-dən etibarən açıq olacağını bildirib.

A. Əliyev saytın kollektivi sırasına Ayxan Şıxlinski, Rauf Orucov, Aytən Əliyeva, Eldar Quliyev, Nicat Əliyev, Ülviyyə Şahin, Səbuhi Salamovun daxil olduğunu qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz