Azərbaycanda jurnalistlərin təhlükəsizliyi zəifləyir - FREEDOM HOUSE
Tarix: 19-09-2019, 13:36
Freedom House hüquq-müdafiə təşkilatın ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatdır.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bu narahatlığı qurum ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirində səslənidirib. Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin daha əvvəlki kimi təhlükəsiz olmadığını vurğulayır.
Freedom House bildirir ki, son bir ildə bu ölkələrdə tənqidi səsləri susdurmaq üçün, eləcə də Krım tatarları, kürdlər kimi milli azlıqlara qarşı fiziki zorakılıq, hüququ cəza tədbirləri, qarayaxma kampaniyaları, qısnamanın digər formalarından istifadə olunub. “Bu səslərin susdurulması ATƏT üzvü ölkələrdə demokratiya, təhlükəsizlik və insan haqlarının durumuna davamlı təsir göstərir”, – bəyanatda vurğulanır.
Qarayaxma kampaniyasına misal kimi 2012-ci ildə Azərbaycanda araşdırması jurnalist Xədicə İsmayılovanın gizli kamerayla çəkilmiş görüntülərinin yayılması göstərilir. İsmayılova Prezident İlham Əliyevin ailə üzvlərinin böyük maliyyə holdinqlərini üzə çıxarmışdı.
ABŞ-da çalışan müstəqil jurnalist Sevinc Osmanqızı da intim fotolarının yayılmasıyla şantaj olunub, ondan jurnalist fəaliyyətini dayandırmaq tələb edilib. Osmanqızı Azərbaycanda neft-qaz sektoruna korrupsiyaya dair proqramlar hazırlayırdı.
Bəyanatda “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun 2018-ci ildə Azərbaycan Mətbuat Şurasında korrupsiya olduğunu iddia edən məqalənin dərcindən sonra həbs olunduğu vurğulanır. Ancaq Mətbuat Şurası İkram Rəhimovun bu qurumu tənqid etdiyinə görə həbs olunması ilə bağlı deyilənləri “əsassız” adlandırır, onun rüşvət tələb etməyə görə həbs olunduğunu bildirir.
Azərbaycan hakimiyyəti ölkədə peşə fəaliyyətinə görə heç bir jurnalistin təqibə məruz qalmadığını bildirir. İndiyədək həbs cəzası çəkmiş, yaxud çəkməkdə olan media əhlinin konkret cinayətə görə cəzalandırıldığı vurğulanır.
Freedom House isə ATƏT-dən tələb edir ki, jurnalistləri qoruya bilməyən hökumətlərdən buna görə hesabatlılıq tələb etsin. “Jurnalistlərinin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur”, – qurum bildirir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər