Vurğun Əyyub Fəxri Xiyabanda dəfn edilə bilərdimi? - RƏYLƏR
Tarix: 25-09-2019, 20:36
"Düşünmürəm ki, Fəxri Xiyabanda dəfn olunmaq mütləq böyüklük əlamətidir".
CİVİLAZERBAİJAN.COM bildirir ki, bu sözləri Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı Qaynarinfo-nun Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, filologiya üzrə fəlsəfə doktoru, tanınmış ədəbiyyatşünas alim, ictimai-siyasi xadim Vurğun Əyyubun dəfn yeriylə bağlı sualını cavablandırarkən bildirib.
Professor Fəxri Xiyabanda dəfn olunmağı böyük bir şey hesab etmədiyini deyib:
"Bir çox böyük insan var ki, Fəxri Xiyabanda yox, ata-anasının olduğu rayonda və ya başqa qəbiristanlıqda dəfn olunub. Yəni mən bunu böyük bir şey hesab etmirəm. Adətən Fəxri Xiyabandan dövlət işlərində fəal olan insanlar dəfn olunur. Amma məsələn, Məmməd Əmin Rəsulzadənin qəbri orada deyil. Fəxri Xiyabanda adlar var ki, gedib oxusanız, heç tanımazsınız. Ona görə də mən bunu üstünlük hesab etmirəm".
Müsavat Partiyasının 5-ci başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də Müsavat başqanının I müavini olmuş Vurğun Əyyubun Fəxri Xiyabanda dəfn olunmamasına münasibət bildirib. O, qeyd edib ki, "Təəssüf ki, rejim ölkəmizin dəyərli şəxsiyyətlərinə gərəkən önəmi vermir".
İctimai xadim, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə bunun paxıllıqdan irəli gəldiyini deyib: "Paxıllıqdan! İndi Fəxri Xiyabanada ölkə üçün çalışana yer verilmir".
Millət vəkili Aydın Mirzəzadə Vurğun Əyyubun Fəxri Xiyabanda dəfn olunmamasının səbəbini bilmədiyini qeyd edib.
Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Vurğun Əyyub ötən gün vəfat edib. O, Hövsan qəbiristanlığında dəfn edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər