Azərbaycan trolları BEYNƏLXALQ HESABATDA

Xəbərin çap versiyası
Tarix: 27-09-2019, 12:07
Azərbaycan trolları


Azərbaycan hökumətinin də sosial mediadan dezinformasiya yaymaq, siyasi manipulyasiya üçün istifadə etdiyi bildirilir. Bu haqda Oksford Universitetinin “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatında söz açılır.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, qurum son üç ildə hökumətlər və siyasi partiyaların sosial mediada necə manipulyasiya etdiyini öyrənib. Hesabatda rəqəmsal təbliğat, formalaşan manipulyasiya alətləri, bacarıqları, strategiya və resursları təhlil olunur.

Bu il 70 ölkənin mütəşəkkil sosial media manipulyasiyası ilə məşğul olduğu vurğulanır. 2018-ci ildə onların sayı 48, 2017-ci ildə 28 idi. Hər bir ölkədə azı bir siyasi partiya, yaxud hökumət agentliyi sosial mediadan istifadə edərək ölkəiçi ictimai münasibəti formalaşdırmağa çalışır, hesabatda deyilir.

Avtoritar ölkələrin 3 hədəfi

Bir çox avtoritar rejimlərin sosial mediaya uyğunlaşdığı vurğulanır. Belə ki, 26 ölkədə rəqəmsal təbliğatdan informasiyaya nəzarət aləti kimi üç məqsədlə istifadə olunur: fundamental insan haqlarını boğmaq, siyasi opponentləri gözdən salmaq, fərqli fikirləri kənarlaşdırmaq üçün.

Hesabatda məharətli dövlət oyunçularının rəqəmsal təbliğatdan xarici təsir əməliyyatlarında da yararlandığı vurğulanır. Facebook və Twitter yeddi ölkənin (Çin, Hindistan, İran, Pakstan, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela) qlobal auditoriyanı hədəfləməkdən ötrü bu platformalara əl atdığını qeyd edir.

“Çin qlobal dezinformasiya düzənində əsas oyunçuya çevrilib. Honq Konqda 2019-cu il etirazlarına qədər Çinin rəqəmsal təbliğatı Weibo, WeChat və QQ kimi ölkəiçi platformalara yönəlmişdi. Ancaq indi Çinin marağının Facebook, Twitter, YouTube platformalarına yönəlməsi demokratik ölkələri narahat etməlidir”, hesabatda deyilir.

İndi həmişəkindən daha artıq sosial media şəbəkələrinin olmasına baxmayaraq, Facebook sosial media manipulyasiyası üçün prioritet platforma olaraq qalır. 56 ölkədə rəqəmsal propaqanda məhz Facebook-da aparılır.

Azərbaycan hansı qrupdadır?

Hesabatda Azərbaycanın da adı çəkilir. Bu ölkənin rəqəmsal təbliğat üçün istifadə etdiyi platformalar sırasında Facebook, Twitter, YouTube sosial şəbəkələri göstərilir.

“70 ölkədən 30-da hökumətlərlə vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatları arasında formal koordinasiyaya dəlil aşkarladıq. Bəzi hallarda, Azərbaycan, İsrail, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə hökumət agentlikləri rəqəmsal təbliğatdan ötrü tələbələri, gəncləri işə götürürlər”, hesabatda vurğulanır.

Hesabatda ölkələrin kiber təbliğat qabiliyyəti dörd qrupa bölünür – yüksək, orta, aşağı, minimim qabiliyyət. Azərbaycan bu sahədə ortasəviyyəli qrupda yer alıb. Bu ölkələrdə informasiya məkanına nəzarət üçün ilboyu tamştatlı işçilər çalışır. Bəzən bu komandalar xaricdə də nüfuz əməliyyatları aparır. Bu qrupda Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə də yer alıb.irinci qrupa Rusiya, Çin, İsrail, Birləşmiş Ştatlar kimi ölkələr daxildir.

Ermənistan minimum qabiliyyətli ölkələr sırasına düşüb, bu tip ölkələrdə informasiyaya nəzarət komandalarının təzə yaradıldığı vurğulanır.

Azərbaycanın dövlət orqanlarından bu hesabatda deyilənlərə münasibət almaq hələlik, mümkün olmayıb. Ancaq bir müddət öncə hakimiyyət təmsilçiləri gəncləri sosial şəbəkədə daha fəal olmağa çağırırdılar. Sosial media istifadəçiləri isə hakimiyyətin tənqid olunduğu statuslarına hökumətyönlü trolların qrup şəklində şərh yazdıqlarını, təhqir və söyüşdən çəkinmədiklərini zaman-zaman dilə gətiriblər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət öncə deyirdi ki,“kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqirin, söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat” hesab edir. O, hansısa “troll” “qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda “iftiraların Azərbaycan hakimiyyətini və şəxsən onu ləkələmək məqsədi daşıdığını” deyirdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz