Azərbaycan pasport indeksində neçənci yerdədir?
Tarix: 1-10-2019, 14:50
Oktyabrın 1-də Henley & Partners şirkəti bu gün üçün dünya ölkələrinin vizasız rejim imkanlarını əks etdirən Pasportlar İndeksini dərc edib.
CİVİLAZERBAİJAN.COM-un məlumatına görə şirkətin press-relizində deyilir ki, reytinqin liderlər üçlüyü dəyişməyib. İndeksdə birinci yeri Yaponiya və Sinqapur tutur. Bu ölkələrin pasportları 227 mümkün istiqamətdən 190-na vizasız səfər etmək imkanı verir. İkinci yeri Almaniya, Finlandiya və Cənubi Koreya paylaşır - 188 vizasız ölkə. Üçüncü sətirdə əvvəlki kimi Danimarka, İtaliya, Lüksemburq gəlir - 187 istiqamət. Böyük Britaniya və ABŞ 2010-cu ildən etibarən ən aşağı səviyyədə - 6-cı yerdə qalmaqdadır.
2014-cü ildə hər iki ölkə reytinqdə birinci yeri tutub.
İlin son rübü ərzində ən uğurlu ölkə Birləşmiş Ərəb Əmirlikləri olub. Ölkə bir sıra Afrika ölkələrinə vizasız rejim əldə edərək, 5 sətir yüksəlib və 15-ci yeri tutub (172 istiqamət).
Azərbaycan 2019-cu ilin dördüncü rübündə İndeksdə iki sətir yüksəlib və hazırda 76-cı yeri tutur, baxmayaraq ki, vizasız ölkələrin sayı əvvəlki kimi 66 olaraq qalıb. Azərbaycanın qonşusu olan ölkələrin göstəriciləri xeyli dəyişib. Rusiya vətəndaşları Syerra-Leona vizasız rejim əldə ediblər və indi 117 ölkəyə vizasız səfər edə bilirlər. Qazaxıstanın göstəriciləri əvvəlki kimi qalıb - 75 vizasız ölkə. Türkiyə üç ay ərzində iki ölkəyə vizasız rejim əldə edib və hazırda vizasız istiqamətlərin ümumi sayı 112-dir.
Gürcüstan 50-ci yeri tutur, ölkə vətəndaşları 114 ölkəyə səfər edə bilir. Ermənistan isə 60 ölkə göstəricisi ilə 81-ci yerdədir.
İnvestisiya vasitəsilə vətəndaşlıq alma proqramları ilə məşhur olan Malta və Kipr öz göstəricilərini yaxşılaşdırıb. Malta vətəndaşları dünyanın 183 ölkəsinə vizasız səfər edə bilir. Kipr 14-cü yeri Monako ilə paylaşıb - 173 ölkə. Maltanın investisiya proqramı 1 mln. avrodan başlayan investisiya müqabilində 12-15 ay sonra vətəndaşlıq almağa imkan verir. Kiprin analoji proqramı 2,15 mln. avrodan başlayan investisiyalara görə 6-9 ay ərzində vətəndaşlıq almağa imkan verir. Monteneqro da yaxın gələcəkdə "İnvestisiya vasitəsilə vətəndaşlıq" proqramını işə salacaq (minimum investisiya ölçüsü 350 min avrodan başlayır). Monteneqro vətəndaşları dünyanın 122 ölkəsinə vizasız səfər edə bilir (46-cı yer).
Əfqanıstan 25 ölkəyə vizasız rejimlə indeksdə sonuncu - 107-ci yeri tutur.
Henley & Partners şirkətinin əvvəllər viza məhdudiyyətləri indeksi kimi məşhur olan (adı 2018-ci ildə dəyişdirilib) Pasportlar İndeksi vətəndaşlarına verdikləri yerdəyişmə azadlığı səviyyəsinə görə ölkələrin beynəlxalq reytinqidir. İndeks 2006-cı ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə dərc edilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər