Yeni Baş nazir Əli Əsədov - O KİMDİR?
Tarix: 8-10-2019, 21:59
Azərbaycanın yeni Baş naziri postuna Əli Əsədovun namizədliyi təsdiqlənib.
CİVİLAZERBAİJAN.COM bildirir ki, Milli Məclis bu qərarı çərşənbə axşamı günü keçirilən iclasda qəbul edib.
Əli Əsədov bundan əvvəl Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olub.
Milli Məclisin çərşənbə axşamı günü keçirilən iclasında spiker Oqtay Əsədov "Novruz Məmmədovun vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət etdiyini" bildirib.
Təhlilçilər onun istefa səbəblərinin ictimaiyyətə açıqlanmama səbəblərini sual edirlər.
"Məqsəd hökuməti daha işlək vəziyyətə gətirməkdir"
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Baş nazir dəyişikliyinin qeyri-neft sektorunun inkişafına töhfə verəcəyinə "ümidlidir".
O hesab edir ki, "bu dəyişikliyin məqsədi hökuməti daha işlək vəziyyətə gətirməkdir".
"Ümumilikdə götürəndə qeyri-neft sektorunun vəziyyəti qənaətbəxş deyil. Doğrudur, müəyyən addımlar atılır bu sahədə. Ancaq potensial böyükdür və doğru istifadə olunmur. Məqsəd daha çox hökuməti, əsasən də iqtisadi-sosial istiqamətdə fəallaşdırmağa yönəlib", - cənab Əliyev deyib.
"Ciddi dəyişiklik gözləmirəm"
İqtisadi təhlilçi Natiq Cəfərli öncə keçmiş Baş nazir Novruz Məmmədovun istefa verməsinin səbəblərinin ictimaiyyətə nə üçün açıqlanmamasını soruşur.
"Belə dəyişiklər əvvəlcədən ictimaiyyətə açıqlanmalıdır. Yeni Azərbaycan Partiyası işdən ayrılanların getmə səbəblərini heç vaxt açıqlamır. Bu səbəb açıqlansaydı, bu məsələdə daha dəqiq fikir bildirmək mümkün ola bilərdi".
Natiq Cəfərli Mehman Əliyevdən fərqli olaraq, düşünür ki, Baş nazir postuna yeni təyinatla ölkədə ciddi dəyişiklik olacağını gözləmir.
"İlk növbədə bir şəxs harasa təyin edilərkən onun səlahiyyətlərini bilmək vacibdir. Azərbaycanda baş nazirin səlahiyyətlərinin nədən ibarət olması bir müəmmaya çevrilib. Nazirlər kabinetinin rolu və Baş nazirin atacağı addımların sərhədləri nöqteyi nəzərindən bu post ölkə iqtisadiyyatında ciddi rol oynamadığına görə, bura kimin təyin olunması əhəmiyyət kəsb etmir".
Lakin iqtisadçı düşünür ki, bu vəzifəyə iqtisadi bilikləri olan, bu sahədə mütəxəssis olan bir şəxsin gətirilməsi "maraqlıdır".
"Özüm də iqtisadçı olduğuma görə, iqtisadi sahə üzrə mütəxəssisin gəlməsi şəxsən mənim nəzər nöqtəmdən maraqlıdır. Amma yenə deyirəm, xüsusi bir dəyişiklik gözləmirəm".
O düşünür ki, "ölkədə konstitusion dəyişiklik getməli, Baş nazir postu ləğv olunmalıdır".
"Prezident özü Nazirlər Kabinetinin iclaslarını keçirir. İlham Əliyev idarəetmənin icra qoluna rəhbərlik etdiyi üçün Nazirlər Kabinetinin və Baş nazirin səlahiyyətlərinin harda başlayıb, harda bitdiyi bilinmir, pozulub bu sərhədlər. Ona görə də, konstitusyon dəyişiklər getməli, bu vəzifə də ləğv olunmalıdır", - cənab Cəfərli bildirib.
"Layiqli təyinatdır"
Milli Məclisin deputatı Aydın Mirzəzadə Novruz Məmmədovun vəzifəsindən uzaqlaşdırılması və Əli Əsədovun bu posta təyinatını "yeni dövrün tələbi və prezidentin məsləhəti ilə" əlaqələndirib.
Cənab Mirzəzadə "Əli Əsədovun bu posta təyinatının "layiqli olduğunu" bildirib.
"Həm Novruz Məmmədov, həm də Əli Əsədovla birlikdə çalışmışam. Hər ikisi işinin bilicisi, təşəbbüskar, məsuliyyətli insan kimi yadda qalıblar. Düşünürəm ki, Əli Əsədovun iqtisadi məsələlər üzrə topladığı təcrübə Baş nazir kimi ona çox yararlı olacaq".
Aydın Mirzəzadə vurğulayıb ki, Novruz Məmmədov Baş nazir olduğu dövrdə müsbət obrazla yadda qalıb.
"Növruz Məmmədov Nazirlər Kabinetinə yeni ab-hava gətirdi, gəncləri irəli çəkdi. Onun fəaliyyəti hər bir gənc üçün nümunə olacaq hal hesab oluna bilər".
Cənab Mirzəzadə Azərbaycanın Baş nazir postuna gərəkli namizəd necə olmalıdır sualına isə "indiyə qədər Novruz Məmmədov, bundan sonra isə Əli Əsədov" deyə cavab verib.
Novruz Məmmədov ötən ilin aprel ayında 2003-cü ildən ölkəyə baş nazirlik etmiş Artur Rasizadəni əvəzləyib.
Yeni Baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edərək ona göstərilən "yüksək etimada" görə Prezidentə təşəkkür edib.
"Müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub", cənab Əsədov çıxışında qeyd edib.
Əli Əsədov kimdir?
Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində doğulub.
O, 1978-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Cənab Əsədov Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb.
1980-1989-cu illərdə isə, o, Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi kimi çalışıb.
1989-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində işləyib.
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.
1998-ci ildə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən baş nazir olanadək Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsini icra edib. (AmerikanınSəsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər