"28 May" metrostansiyasının qarşısı niyə bağlanıb? - FOTOLAR
Tarix: 18-10-2019, 20:22
Bu gün 18 oktyabrda "28 May" metrostansiyası qarşısındakı meydanda söküntü işlərinə başlanılıb.
CİVİLAZERBAİJAN.COM Toplum TV-yə istinadla bildirir ki, təmir-söküntü işlərinin Milli Şuranın 19 oktyabrda keçiriləcək mitinqinin qarşısının alınması ilə bağlı olduğu iddia edilir.
Milli Şura oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlayıb.
BŞİH isə Milli Şuraya mitinqi keçirmək üçün Lökbatan qəsəbəsini təklif edib.
Qurumun rəsmi açqlamasında bildirilir ki, mitinq Lökbatan qəsəbəsi, "28 May" küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilə bilər.
Milli Şura bununla razılaşmayıb və mitinqi 28 May metrostansiyasının qarşısındak meydanda keçirəcəyini bəyan edib.
Mitinqlə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq məlumat yayıb. Sözügedən qurumların birgə açıqlamasında deyilir ki, ictimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.
DİN və Baş Prokurorluq bəyan edib ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək.
Bu səbəbdən də həmin şəxslərə xəbərdarlıq edilir ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.
"28 May" metrostansiyasının qarşısında tikinti işləri aparanlar da təmirin mitinqlə bağlı olduğunu istisna etməyiblər.
Toplum TV məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsa da, qurumdan rəsmi münasibət öyrənmək mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər