"Təxribatlara inanmayın, mitinqi keçirəcəyik" - ƏLİ KƏRİMLİ

Xəbərin çap versiyası
Tarix: 19-10-2019, 12:01
"Təxribatlara inanmayın, mitinqi keçirəcəyik" -


"Qərarımız qüvvədədir, mitinq təxirə salınmayıb".

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli feysbuk səhifəsində mitinqin təxirə salınması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O, sosial şəbəkələrdə yayılan məlumatları təxribat adlandırıb.

"AXCP funksionerlərinin, hətta mənim də adımdan mitiinqin təxirə salınması haqda yalan məlumatlar yayırlar. Təbii ki, əksəriyyətiniz inanmadınız. Ancaq mən yenə də rəsmən təkzib edirəm bu yalanları. Saat 15:00-da mitinqdə görüşürük!", - Əli Kərimli yazıb.

Milli Şura bu gün, oktyabrın 19-da "28 May" metrostansiyası qarşısındakı meydanda mitinq təyin edib. Mitinq saat 15:00-da baş tutacaq.

Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlanıb. BŞİH isə Milli Şuraya mitinqi keçirmək üçün Lökbatan qəsəbəsini təklif edib.

Qurumun rəsmi açıqlamasında bildirilir ki, mitinq Lökbatan qəsəbəsi, "28 May" küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilə bilər.

Milli Şura bununla razılaşmayıb və mitinqi "28 May" metrostansiyasının qarşısındakı meydanda keçirəcəyini bəyan edib.

Mitinqlə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq məlumat yayıb.

Sözügedən qurumların birgə açıqlamasında deyilir ki, ictimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.

DİN və Baş Prokurorluq bəyan edib ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək.

Bu səbəbdən də həmin şəxslərə xəbərdarlıq edilir ki, qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

"28 May" metrostansiyası qarşısındakı meydanda dünəndən söküntü işlərinə başlanılıb.

"28 May" metrostansiyasının qarşısında tikinti işləri aparanlar da təmirin mitinqlə bağlı olduğunu istisna etməyiblər. Bakı Şəhər İcra Hakimiyyəti isə bu məlumatlara reaksiya veriməyib. (Arqument.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz