Real TV Mirşahinin verilişini saytdan niyə sildi? - SƏBƏB+VİDEO
Tarix: 22-10-2019, 00:05
"Bu, beynəlxalq qalmaqaldır”
"Real TV-də oktyabrın 20-də ABŞ-ın ölkəmizdəki səfirliyinin diplomatı ilə Demokratik Qüvvələrin Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin səsyazısının yayılması beynəlxalq qalmaqaldır”.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bunu Meydan TV-yə Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib.
Oktyabrın 20-də Real TV-də jurnalist Mirşahin Ağayevin verilişində Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ABŞ səfirliyinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəsinin rəsmiləri ilə telefon danışığı verilib. Jurnalist bunu Gültəkin Hacıbəylinin xarici dövlətlər qarşısında hesabat verməsi kimi təqdim edib. Bundan sonra bir sıra saytlar da həmin telefon danışıqlarının stenoqrammasını dərc ediblər.
"Azərbaycan hakimiyyətinin rəsmiləri bu cür incəlikləri anlamırlar”
Hikmət Hacızadə bildirib ki, ümumiyyətlə, nəinki ABŞ diplomatının, sıravi Azərbaycan vətəndaşının da telefon danışığını dinləmək və yaymaq qanuna uyğun deyil. O xatırladıb ki, bu addımı atmazdan əvvəl məhkəmə qərarı olmalıdır:
Hikmət Hacızadə
Mənbə: Foto: Meydan tv
"Təəssüf ki, Azərbaycan hakimiyyətinin rəsmiləri bu cür incəlikləri anlamırlar. Onlara elə gəlir ki, həmişə dedikləri olacaq”.
"Yəqin ki, səfirlik nota verəcək”
1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər də olayı beynəlxaq qalmaqal adlandırıb:
"Bu, xüsusi araşdırma tələb edən hadisədir. Güman ki, səfirlik hökumət rəsmiləri ilə açıq da olmasa, qapalı şəkildə məsələni müzakirə edəcək və nota verəcək. Yəqin ki, rəsmi Bakı səfirliyə səsyazısının yayılması ilə hər hansı əlaqəsinin olmadığını bildirəcək. Yəni araşdırmalar ABŞ-ın özündə qalacaq. Məsələ ondadır ki, texnoloji inkişaf səbəbindən bu cür hərəkətləri yalnız dövlətlər deyil, dövlət olmayan oyunçular da, şirkət, təşkilat həyata keçirə bilər. Çox mürəkkəb və həssas məsələ olduğundan araşdırma tələb edir”.
Sülhəddin Əkbər
Mənbə: Foto: Meydan tv
Sülhəddin Əkbər xatırladıb ki, 2014-cü ildə Ukrayna hadisələri zamanı müxalifətlə ABŞ səfirliyinin telefon danışıqları yayılmışdı. Sülhəddin Əkbər deyib ki, o zaman danışıq Rusiya tərəfindən yazılmışdı və olay beynəlxaq qalmaqala səbəb oldu.
"Bu, dövləti biabır etməkdir”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, ABŞ və Avropa İttifaqının əməkdaşlarının danışıqlarına qulaq asmaq olar, amma onu həmən jurnalistə ötürüb, yazı yazdırmaq, televiziyada səsləndirmək, dövləti biabır etməkdir. Onun sözlərinə görə, xüsusilə nəzərə almaq lazımdır ki, ortada ciddi heç nə yoxdur:
"Bununla Qərb dövlətlərinin Azərbaycana nifrətini gücləndirirlər. Bu da sabah Qarabağ məsələsində əleyhimizə işləyəcək. Rusiya isə heç vaxt üzünü bizə yox, həmişə olduğu kimi düşmənimizə - erməniyə tərəf tutacaq”.
İlham İsmayıl
Mənbə: Foto: Meydan tv
ABŞ səfirliyinin münasibətinə gəlincə, İlham İsmayıl deyib ki, səfirlik də, Avropa İttifaqının nümayəndəliyinin cavabı olacaq və bunun fonunda XİN rəsmisi Leyla Abdullayevanın reaksiyası sönük görünəcək.
"Mirşahin Ağayev jurnalist etikasına tüpürüb”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, Mirşahin Ağayev jurnalist etikasına tüpürərək, səsyazısını efirə verib.
O hökumətin bu beynəlxalq qalmaqalın altından necə çıxacağının sual doğurduğunu deyib:
Anar Məmmədli
Mənbə: Foto: Meydan tv
"İndi məlum olur ki, ölkənin milli təhlükəsizliyinin müdafiəsi nə gündədir! Rejimin təhlükəsizliyi ilə milli təhlükəsizliyi səhv salmayın”.
"Bunu edən şəxs məsələnin fəsadlarını düşünübmü?”
ReAL partiyasının Məclis başqanı Azər Qasımlı audio yazının ictimailəşdirilməsi ilə bağlı qərarın kim tərəfindən verilməsinin çox maraqlı olduğunu düşünür:
Azər Qasımlı
Mənbə: Foto: ReAL Partiyası
"Bunu edən şəxs bu məsələnin fəsadlarını heç düşünübmü? Bu məsələ ciddi diplomatik qalmaqala çevrilə bilər. Çünki diplomatların səs yazısını yazmaq və ictimailəşdirmək beynəlxalq sazişlərə, qaydalara ziddir. Üstəlik bu audio yazılarda ciddi heç nə yoxdur. Müxalifət nümayəndəsinin xarici diplomata verdiyi "hesabat” kimi təqdim edilməyə çalışılan məsələ isə adi məlumatlandırmadır. Yeri gəlmişkən bu və ya digər diplomatlarla bizim də əlaqələrimiz var. Bu siyasətçilərin adi iş rejimidir. Bu Azərbaycanda da, dünyanın hər yerində də belədir. Bir sözlə hökumət həm özünü, həm ölkəmizi biabır etməkdə davam edir”.
"Beynəlxalq konvensiya pozulub”
Hüquqşünas Fərhad Mehdiyev baş verən olayın hansı beynəlxalq konvensiyaları pozması barədə sosial şəbəkələrdə status paylaşıb.
"Real TV-də Mirşahinin verilişində yayımlanan səs qeydləri və verilən şərhlər, 1961-cı il Vyana Diplomatik Münasibətlər haqqında Konvensiyanın 3-cü və 27-ci maddələrinin Azərbaycan Respublikası tərəfindən pozuntusudur. Əfsuslar olsun ki beynəlxalq hüquqdan bixəbər olan bəzi hüquq-mühafizə orqanları, ölkəmizin beynəlxalq imicinə və etibarlılığına ciddi zərər vurur.
Fərhad Mehdiyev
Mənbə: Meydan tv
Konvensiyanın 3-cü maddəsinin "D” bəndinə görə, diplomatik nümayəndə olduğu ölkədə bütün qanuni yollarla məlumat toplayıb onu göndərən dövlətə ötürə bilər, o cümlədən daxili siyasət barəsində. Gültəkin Hacıbəyli o məlumatları könüllü sürətdə verib. Orada heç bir qanunsuzluq yoxdur”.
Hüquqşünas deyib ki, eyni Konvensiyanın 27-ci maddəsinə görə, Qəbul Edən Dövlət (yəni biz), diplomatik nümayəndənin sərbəst kommunikasiya hüququnu tanımalı və qorumalıdır.
"Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmisi ilə olan söhbət siyasi məsələlər barəsində olsa da, Aİ ilə Azərbaycan arasındakı münasibətlər, demokratikləşmə və hüququn üstünlüyü komponentlərini ehtiva etdiyinə görə, bu barədə Aİ məlumat toplaya bilər. Bu səbəblə bu cür addımları atmazdan əvvəl, mütəxəssislərlə məsləhətləşmək zəruridir”.
"Azercell” şirkətini və Real TV-ni məhkəməyə verəcəyəm”
Gültəkin Hacıbəyli hesab edir ki, Azərbaycan hakimiyyəti bu hərəkəti ilə növbəti rüsvayçılığa imza atdı.
Gültəkin Hacıbəyli məhkəməyə müraciət edəcəyini deyib:
"Mən bu gün vəkillərimlə məsləhətləşəcəm. Yalnız "Azercell” mobil operatorunu yox, Real TV-ni də məhkəməyə verəcəm. Mobil operator növbəti cinayət əməlinin iştirakçısına çevrildi! Mənim ABŞ səfirliyinin və Avropa Birliyinin nümayəndələrilə telefon danışığım, hətta işgüzar görüşüm yazılırmış! Təsəvvür edirsinizmi, Azərbaycan hakimiyyəti ABŞ səfirliyinin və Avropa Birliyinin diplomatlarının görüşlərini, telefon danışıqlarını yazır və ağlı çatmadığından bunu milyonların qarşısında faş edir! Rəzalət olarmış, amma bu qədər də yox!”
Gültəkin Hacıbəyli
Mənbə: Foto: Meydan TV
O hesab edir ki, bu hadisə bir məsələni aşkarladı ki, yalnız Azərbaycan vətəndaşlarının yox, diplomatik toxunulmazlıqları olan şəxslərin də şəxsi həyatlarını qorumaq hüququ yoxdur: "Bizim bütün telefon danışıqlarımız, fəaliyyətimiz nəzarət altındadır. Bu hadisə Azərbaycanın bir polis dövləti olduğunu təsdiqləyir”.
Gültəkin Hacıbəyli olaydan sonra səfirliklərlə əlaqə saxlayıb, onları məlumatlandırdığını deyib. O hesab edir ki, hakimiyyətdəkilər başlarını o səviyyədə itiriblər ki, nə etdiklərini bilmirlər!
"Əli Kərimliyə qarşı işgəncəyə ABŞ və Avropa Birliyindən sərt reaksiya gələcəyindən qorxan Azərbaycan hakimiyyəti bu yolla onları şantaj edir! Ancaq düşünmürlər ki, həmin ölkələrin baxış bucağından, dövlət maraqlarından baxdıqda bu ölkələrin diplomatlarının şəxsi həyat və diplomatik toxunulmazlığına qəsd daha böyük rüsvayçılıq və cinayətdir!
ABŞ səfirliyi və Avropa Birliyinin diplomatik korpusu hələki olayla bağlı açıqlama yaymayıb.
Real TV Mirşahin Ağayevin həmin verilişinin yazısını oktyabrın 21-də saytdan silib. Bunun ardınca bir sıra saytlar da telefon danışığının stenoqrammını saytlarından götürüblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər