Milli Şura 2 noyabr mitinqini təxirə saldı

Xəbərin çap versiyası
Tarix: 31-10-2019, 22:40
Milli Şura 2 noyabr mitinqini təxirə saldı


Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqini təxirə salıb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, bu barədə Azadlıq Radiosuna oktyabrın 31-də qurumun Koordinasiya Mərkəzindən bildiriblər. Oradan deyiblər ki, onlar Milli Şuranın sədrinin müraciətini müzakirə edərək belə qərar veriblər.

Milli Şuranın sədri Cəmil Həsənli hazırda ABŞ-dadır. O oktyabrın 31-də gündüz saatlarında quruma müraciət edərək aksiyanı təxirə salmağı təklif etmişdi. Cəmil Həsənli bunları yazmışdı:

“... Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) birgə bəyanat yayıb, Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb. Təbii ki, hamısı qurama və yalandır. Milli Şura yalnız və yalnız dinc, konstitusion mübarizə aparır və həmişə də belə olacaq...”

BŞİH yenə Milli Şuraya Lökbatanı göstərdi

Oktyabrın 30-da verilən xəbərlərdə deyilirdi ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Bu barədə AzadlıqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirib. İ.İbrahimli deyib ki, BŞİH mitinqin noyabrın 2-də Lökbatan qəsəbəsində keçirilməsini lazım bilib: «Keçən dəfəki məktubun eynidir. Bu dəfə, sadəcə, bir cümlə əlavə edilib ki, «Məhsul» stadionunda təmir işləri gedir, buna görə, orada aksiya keçirmək üçün təqdim olunmur».

İ.İbrahimli vurğulayıb ki, oktyabrın 19-da olduğu kimi, Lökbatan qəsəbəsinə getmək niyyətində deyillər. O, aksiyanın keçiriləcəyini vurğulayıb.

Milli Şura noyabrın 2-si aksiya keçirmək məqsədilə BŞİH-ə ötən həftə müraciət göndərmişdi. Onlar aksiyanın keçirilməsindən ötrü Bakıda iki yer təklif etmişdilər.

Qurumdan bəyan etmişdilər ki, BŞİH bu dəfə də təklif etdikləri yerləri münasib saymayaraq, onları paytaxtın mərkəzindən kənar Lökbatan qəsəbəsinə göndərmək istəsə, yenə istədikləri yerdə aksiya keçirməyə üstünlük verəcəklər.

DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Milli Şuranın mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti baxıb və onlara “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilib.

Habelə bildirilir ki, lakin təşkilatçılar həmin gün başqa yerdə razılaşdırılmamış aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar:

"Bütün bunlar bir daha göstərir ki,…radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər”.

Qurumlar əlavə edib ki, istənilən qanunazidd əməllərinin qarşısı alınacaq.

Milli Şura rəhbərliyi isə bəyan edib ki, onlar zorakılığın, iğtişaşların əleyihinədirlər, dinc şəkildə Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığından istifadə etmək niyyətindədirlər. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz