Yunis Səfərovun məhkəməsi olacaq
Tarix: 6-12-2019, 20:59
Ötən ilin iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bununla bağlı dekabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda olay xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində icra hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı kimi təqdim edilir.
Cinayət işində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, ölkədən kənarda silahlı birləşmələrdə təlim keçilməsi, odlu silahların saxlanması, polis əməkdaşlarının qəsdən öldürülməsinə cəhd və başqa əməllərə aid iddialar yer alır.
Mətbuat xidməti qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
«…Y. Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixində baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir», - məlumatda yazılıb.
Rәsmi mәlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.
İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları baş verənləri radikal dini yönümlü şəxslərin törətiyi terror aktı olduğunu bildiriblər.
Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nәfәr öldürülüb. Bu vaxta qədər onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər. (AmerikanınSəsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər