Şahvələd Çobanoğlu: Altıncı ildir hüquqlarım tapdanır
Tarix: 13-01-2020, 18:04
“Artıq altıncı ildir hüquqlarım tapdanır və mənim ölkədən çıxışım üçün qoyulan qadağa aradan qaldırılmır”.
CivilAzerbaijan.com bildirir ki, bunu Meydan TV-ə jurnalist Şahvələd Namazov (Çobanoğlu) deyib. O, vəkili Zibeydə Sadıqovanın Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupunun rəhbəri Eldar Əhmədova qadağanın aradan qaldırılması ilə bağlı müraciət etdiyini bildirib.
Sorğuya cavab olaraq Eldar Əhmədov vəkilə yazılı şəkildə bildirib ki, “hüquqlarını müdafiə etdiyiniz Şahvələd Namazovun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığınız 15.11.2019-cu il tarixli təkrar müraciətiniz Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilməklə baxılmış, nəticəsi barədə əlavə məlumat veriləcək”.
Jurnalist bildirib ki, hər ay vəkilinin istintaq idarəsinə ünvanladığı müraciətə eyni cavab alırlar:
“Hər dəfə də yazırlar ki, məktub cinayət işinə əlavə olundu və vəkilə əlavə məlumat veriləcək. Ancaq heç vaxt əlavə məlumat verilmir. Belə başa düşürəm ki, cavab məktubu şablondur, kimsə sənədin tarixini dəyişib göndərir”, - Şahvələd Çobanoğlu deyib.
O, son illərdə Baş Prokurorluğa məktublar göndərdiyini və məhkəməyə şikayətlər etdiyini söyləyib:
“Amma şikayətlər təmin olunmayıb. Mənə ölkəmdə olmaq çox xoşdur və buradan heç yerə getmək niyyətim də yoxdur. Amma ölkədən çıxışıma qoyulan qadağa hüquqlarımın tapdanmasıdır”.
Şahvələd Çobanoğlu 2014-cü ildən xaricdə müalicə kursu keçdiyini qeyd edərək bildirib ki, onun ölkədən çıxışına qoyulan qadağa müalicəsini dayandırıb:
“Övladlarımın təhsili ilə bağlı bir sıra problemlər yaşanır ki, xaricə getmək lazım olur, amma gedə bilmirəm. Bu günlərdə yaxın dostum, həmkarım Rövşən Hacıbəylini həyat yoldaşını müayinə və müalicə üçün Ankaraya yola saldıq. Mən dostumu tək qoymazdım, onunla gedərdim. Amma gedə bilmədiyimə görə çox məyus oldum. Ehtiyacım olmasa belə, niyə hüquqlarım tapdanmalıdır, nə üçün qadağa olmalıdır? Mənim təməl hüququma qadağa qoyulmasına heç bir əsas yoxdur ”.
Jurnalistin vəkili isə qadağanın qoyulması üçün qanuni əsasların olmadığını bildirib.
Hüquq müdafiəçisi Samir Kazımlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin cavabını formal adlandırıb:
“Əslində, buna cavab da demək olmaz. Bu, daha çox cavabdan yayınmaq kimi görünür. Normalda idarə ağlabatan cavab verməli idi. Amma bu qurumun etdiyi əmələrə görə ağlabatan cavab verə bilməz. Çünki Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa hüquq pozuntusudur, müstəqil mediaya təzyiqdir. İdarənin cavabı bir daha göstərir ki, bu iş onlarlıq deyil, siyasi hakimiyyətdən gələn sifarişdir, siyasi motivli qadağadır. Sadəcə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi isə bu siyasi sifarişin icraçısıdır”.
S.Kazımlı deyib ki, hakimiyyətin islahatlardan danışdığı bir vaxtda adıçəkilən idarənin belə davranması bir daha onu göstərir ki, islahatla bağlı deyilənlər həqiqətəuyğun deyil və hakimiyyətin müstəqil mediayaya, tənqidçi jurnalistlərə qarşı basqıları qalmaqdadır və davam edir.
“Jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaqla heç bir islahat aparmaq mümkün deyil. Əgər hakimiyyət istalahlar həyata keçirmək niyyətindədirsə, ilk növbədə fundamental azadlıqları – ifadə, sərbəst toplaşmaq, birləşmək, dini-etiqad azadlıqlarını təmin etməli, o cümlədən jurnalistlərə qarşı tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmalıdır”.
Hazırda bir sıra vəkillər və jurnalistlər ölkədən çıxanda və ölkəyə qayıdanda sərhəd məntəqəsində yoxlamaya məruz qalırlar. Bu barədə vəkillər Fuad Ağayev, Elçin Sadıqov, Cavad Cavadov, jurnalistlər Aynur Elgünəş, Mehman Əliyev, Sevinc Vaqifqızı və digərləri dəfələrlə müvafiq orqanlar qarşısında məsələ qaldırsalar da, münasibət dəyişməz olaraq qalır.
Eyni zamanda, jurnalistlərdən Xədicə İsmayılın ölkədən çıxışına qadağa götürülməyib.
2015-ci ilin fevralın 24-də köşə yazarı Şahvələd Çobanoğlu Bakı Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib. Dindirilmə “AzadlıqRadiosu”nun və “Fərqli düşüncə” dərgisi işi çərçivəsində olub.
Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda “7 gün”, “Azərbaycan” qəzetlərinin müxbiri, “Hürriyyət”, “Günaydın” qəzetlərinin baş redaktoru işləyib, “Azadlıq” qəzetində köşə yazıb və başqa media orqanlarında çalışıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər