Arif Məmmədov: Luka Volontenin vəkillərini Azərbaycan maliyyələşdirir

Xəbərin çap versiyası
Tarix: 5-02-2020, 21:35
Arif Məmmədov: Luka Volontenin vəkillərini Azərbaycan maliyyələşdirir


Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov Amerikanın Səsinə müsahibəsində Avropa Şurasının insan hüquqlarının təməl prinsiplərinə necə əməl etməsindən danışır.

CivilAzerbaijan.com
həmin müsahibəni təqdim edir.

- Avropa Şurası 70 illik yubileyini qeyd edib. Hazırda bu təşkilat öz təməl prinsiplərinə nə dərəcədə sadiqdir?

- Bilirsiniz, Avropa Şurası mənim üçün doğma təşkilatdır. Altı il bu təşkilatda səfir oldum. Ancaq təəssüflər olsun ki, bu günləri AŞPA ciddi problemlərlə üzləşmişdir. Xüsusilə, bu, korrupsiya qalmaqalı, bu, kürü diplomatiyası adlı qalmaqal Avropa Şurasının imicinə çox ciddi zərər vurdu və hələ də mən deyə bilmərəm ki, bu məsələ birmənalı olaraq həll olunub. Biz görürük ki, bir çox məsələlərdə hələlik ciddi dəyişikliklər yoxdur. Bəlkə bir sıra korrupsionerlər nümayəndə heyətlərindən uzaqlaşdırılmışdır. Amma eyni zamanda həm katiblikdə, həm müxtəlif nümayəndə heyətlərində korrupsiyada əli olan insanlar fəaliyyət göstərirlər. Bu da həqiqətdir. Müstəqil istintaq qarşısında şəxsən özüm ifadələr vermişdim. Amma təəssüflər olsun ki, mən bu gün deyə bilmərəm ki, bütün problemlər həll olunubdur. Hələlik ciddi işlər edilməlidir. Həm AŞPA səviyyəsində, burada nümayəndə heyətlərinin tərkibində hesab edirəm ki, nəzarət o qədər deyil. Hər bir nümayəndə heyətində iqtidar da, müxalifət də olmalıdır. Tutaq ki, Azərbaycan nümayəndə heyətində bir nəfər də olsun müxalifətdən yoxdur. Bu yalnız hökumətin irəli sürdüyü hansısa insanlardır. Əlbəttə demək olmaz ki, AŞPA-da o qədər də ciddi bir irəliləyişlər var.

- Korrupsiya hallaraının olmaması üçün AŞPA-da yeni mexanizmlər yaradılıbmı?

- Bilirsiniz, istintaq işini davam etdirdilər. Dediyim kimi bir sıra deputatlar AŞPA-nın binasına gəlmək iqtidarını itirdilər. Bəziləri bu gün də öz milli parlamentlərində fəaliyyət göstərir. Bir çoxları ilə bağlı heç istintaq da getmir. Tutaq ki, ən məşhur Luka Volonte. Birbaşa sübut olunmuşdur ki, Azərbaycan hakimiyyətindən onun hesabına pullar köçürülmüşdür. Mən İtaliya məhkəməsinə getmişdim. Onu müdafiə edən vəkillər belə Azərbaycan tərəfindən bu günə kimi də maliyyələşdirilir. Zalda İtaliya polisi mənə dedi ki, İtaliyanın ən güclü vəkilləri Luka Volonteni müdafiə edir. Biz də bilirik ki, bunu Azərbaycan hakimiyyəti maliyyələşdirir. Yəni, məsələn, Luka Volonte istədiyi ölkəyə gedə bilir. Heç bir məhdudiyyət yoxdur. Həbs edilməyib. Yalnız 3-5 ayda bir dəfə məhkəməyə çağırırlar. Hansısa suallar verilir. Bununla da məsələ bitir. Bilirsiniz, Avropa dəyərlərindən çox uzaqlaşıb. Bu həqiqətdir.

- Deyəsən bəzi Avropa dövlətləri Avropa Şurasına missiyasını başa vurmuş bir qurum kimi baxır. Bu səbəbdən də Rusiya üzvlük haqqını verməyəndə onlar təşkilatı dəstəkləmədilər. Sonda maliyyə böhranı qarşısında təşkilat Rusiyanın səlahiyyətlərini bərpa etməli oldu. Avropa Şurası bundan sonra demokratiyanın dəstəkləyiçisi missiyasını davam etdirə biləcəkmi?

- Bilirsiniz, onsuz da digər mexanizmlər yoxdur. Yəni, Rusiya Avropa Birliyinin üzvü deyil. Azərbaycan da Avropa Birliyinin üzvü deyil. Yeganə mexanizm ki, bu ölkələrin hansısa təsir etmək imkanı var, bu da AŞPA-dır. Ona görə də mən sizə deyim ki, ən demokratik ölkələr belə maraqlıdırlar ki, tutaq ki, Rusiyadır, Azərbaycandır, digər tam demokratik olmayan, ya da avtoritar ölkələrdir,

Yenə də maraqlıdırlar ki, hansısa mexanizmlər olsun ki, bu proseslərə hansısa təsir etmək mümkün olsun. Təzyiq o qədər işləmir. Amma heç olmasa monitorinq aparılır. Eyni zamanda, tutaq ki, vətəndaşlar üçün də Avropa Məhkəməsi çox önəmlidir. Azərbaycan vətəndaşları da ümidlərini daxili prosedurlara itirəndən sonra Avropa Məhkəməinə müraciət etmək, hansısa kompensasiya qazanmaq imkanları var. Ona görə də burada birmənalı düşünmək olmaz.

- Avropa ölkələrində yaşayan bir çox azərbaycanlı mühacirlər Azərbaycan hökuməti tərəfindən izlənildiyini bildirir. Bu nə qədər realdır? Siz burada özünüzü təhlükəsiz hiss edirsinizmi?

- Bilirsiniz, mən Avropa Birliyi ölkələrinin sərhədlərindən kənara getməyə ehtiyyat edirəm. Nə Türkiyəyə, Rusiyaya, Ukraniyaya getmək mümkündür. Əvvəllər Gürcüstana getmək mümkün idi. İndi Gürcüstana da gedə bilmirik. Məsələn, bu yaxınlarda gördük ki, Polşada belə, Norveçdə siyasi mühacir statusu alan soydaşımız dayandırılmışdır. Əlbəttə insan həyacan keçirər. Bilirsiniz, Azərbaycan höküməti İnterpolun vasitəsindən istifadə edir və bizə rahat yaşamağa imkan vermir. Əlbəttə ki, biz ehtiyyatlı olmalıyıq. Bu, həqiqətdir. Biz bundan heç yana qaça bilmərik. Əlbəttə biz ehtiyyatlı olmalıyıq. Amma mübarizə davam edir. Çəkinmək niyyətində deyilik.

- Azərbaycandan olan mühacirlər Avropa ölkələrində Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbuslara azadlıq və digər şüarlarla vaxtaşırı etiraz aksiyaları keçirir. Bu aksiyaların Avropa ölkələrinin hökumətlərinin Azərbaycanla münasibətlərinə təsirləri olurmu?

- Aksiya keçirən soydaşlarımızın əziyyətini, vaxtını çox yüksək qiymətləndirirəm. Təəssüflər olsun ki, Avropa ictimaiyyəti, Avropa qurumları bu mitinqlərə, hansısa aksiyaya diqqət cəlb etmir. Yəni bu, daxili publika üçün verilən mesajdır ki, biz burada sizi dəstəkləyirik. Azərbaycanda mübarizə aparan insanları dəstəkləyirlər. Amma bunun Avropada hansısa fikir yaratmağa xidmət etdiyini deyə bilmərik.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz