DİN əməkdaşı: Əli Kərimlinin şəxsi həyatıyla maraqlanmamışam
Tarix: 7-02-2020, 14:24
AXCP sədri Əli Kərimli Daxili İşlər Nazirliyini və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib. Səbəb isə 2006-cı ildən ona pasport verilməməsi, Avropa Məhkəməsinin bu barədə qərarının icra olunmamasıdır.
CivilAzerbaijan.com bildirir ki, fevralın 6-da Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyevin sədrliyilə bu məsələyə baxılıb. Lakin hər iki tərəfin təmsilçiləri – Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev və Daxili İşlər Nazirliyinin nümayəndəsi, vəkil Əlirza Həbilov məhkəmə prosesinin təxirə salınmasını, onlara vaxt verilməsini istəyib.
Əlirza Həbilov bildirib ki, Ə.Kərimlinin iddia ərizəsinin surəti onlara təqdim olunmayıb. Amma məhkəmə iclas katibi iddia ərizəsinin surətinin onlara da göndəriləcəyini deyib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında onu da bildirib ki, Ə.Kərimlinin pasportunun olub-olmamasından məlumatsızdır: "Mən Əli Kərimlinin şəxsi həyatı, hara gedib-gəlmək istəyir, bununla maraqlanmamışam”.
Ə.Kərimliyə pasport verilməməsilə əlaqədar Avropa Məhkəməsinin qərarına gəlincə, Ə.Həbilov bu barədə danışmaq istəməyib: "Avropa Məhkəməsinin qərarı araşdırma predmeti deyil”.
Ə.Kərimlinin şikayətində Daxili İşlər Nazirliyi və Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi cavabdeh, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə üçüncü şəxs qismində qoyulub.
Ə.Kərimlinin şikayətində yazılıb ki, Azərbaycan hökuməti 14 ildir ona pasport verməməklə həm onun hüquqlarını pozur, həm də Avropa Məhkəməsinin qərarının icrasından yayınır. Avropa Məhkəməsi 2015-ci ilin iyulunda bu məsələ ilə bağlı qərar verib.
Ə.Kərimliyə pasport verilməməsini İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) pozuntusu kimi tanıyıb. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Yuxarı Palataya şikayət verməyib.
"Avropa Məhkəməsinin qərarının qüvvəyə minməsindən 4 ildən çox vaxt ötür. Buna baxmayaraq, 25 ilə yaxın davam edən hüquqlarımın pozuntusuna son qoyulmur. Bu ölkənin vətəndaşı olduğumu təsdiqləyən sənədi mənə verməkdən imtina edirlər”, - deyə Ə.Kərimlinin şikayət ərizəsində yazılıb.
AXCP sədri 2006-cı ildən pasport ala bilmir. Ona barəsində 1994-cü ildə cibindən qumbara tapılması iddiasıyla başlanmış cinayət işinə xitam verilməməsi əsas gətirilir.
Ə.Kərimli isə bildirir ki, 1994-cü ildən sonra ona 1996-cı və 2001-ci illərdə iki dəfə pasport verilib. Üstəlik, 1998 və 2003-cü illərdə millət vəkili kimi, ona diplomatik pasport da verilib. 2001-ci ildə aldığı pasportunun 5 illik müddəti 2006-cı ildə başa çatanda isə sözügedən cinayət işini əsas gətirib, imtina ediblər.
Sözügedən cinayət işinə gəlincə, 21 dekabr 1995-ci ildən icraat dayandırılıb. (MeydanTV)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər