Qadın jurnalistlərə qarşı polis zorakılığı

Xəbərin çap versiyası
Tarix: 12-02-2020, 12:50
Qadın jurnalistlərə qarşı polis zorakılığı


Gecə saatlarında MSK qarşısında etiraz aksiyasının dağıdılması zamanı xüsusi təyinatlı polis dəstəsi təkcə deputatlığa namizədlərə qarşı deyil, böyük bir qrup jurnalistə qarşı da kobud davranıb. Belə ki, polislər qadın jurnalistləri tutub avtobuslara atırdılar, onlardan bəziləri xəsarət alıb. Məsələn, Aynur Elgünəşin başı yarılıb.

CivilAzerbaijan.com
bildirir ki, həmçinin Aytən Məmmədova ("Azadlıq" radiosu), frilanser Aytac Tapdıq, Sevinc Vaqifqızı (Meydan TV, qolunda ciddi xəsarət, üzündə qançır), Ülviyyə Quliyeva və Aygün Rəşidova (Amerikanın Səsi) saxlanılıb.

Onlar hamısı saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların kameraları əllərindən alınaraq, çəkiliş aparmalarına icazə verilməyib.

Basta.info sayının redaktoru Mustafa Hacıbəyli də saxlanılanlar arasında olub. Onu ayrı maşına mindiriblər və döyüblər.

Saxlanılan şəxsləri iki saata yaxın Bakı ətrafında gəzdiriblər və gecə yarısı "20-ci Sahə"də yoldan uzaq bir yerdə endiriblər.

Üç qadın jurnalist, o cümlədən Xədicə İsmayılovanı saxlanılan həmkarlarını aparan avtobusun arxasınca gəldikdə saxlayıblar və yerə atıblar.

Qeyd edək ki, daha bir neçə jurnalist MSK binası qarşısında zorakılığa məruz qalsa da, sonda qaçmağa müvəffəq olublar. (Turan)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz