Əlövsət Əliyevlə MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 14-02-2020, 12:45
Əlövsət Əliyevlə


Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cümə axşamı günü "şərti azadlığa buraxılıb".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə BBC News Azərbaycancaya danışan Əlövsət Əliyev deyib ki, nə üçün həbs edilməsi əvvəlcə ona açıqlanmayıb.

"Məni nə üçün saxladıqlarını əvvəlcə mənə demədilər. Daha sonra dedilər ki, mənim haqqımda olan şikayətlər əsasında telefonumu dinləyiblər. Telefonuma, Whatsapp-ıma həm Almaniyadan, həm də Azərbaycandan həm də çoxlu sənədlər gəlib. Onlar da düşünüblər ki, ola bilsin qanunsuz sənədlər bu formada gəlir. Ancaq mən tərcümə firmasıyam, sənədlər tərcüməyə gəlir.

Eyni zamanda bəzən də insanlar sənədlərini göndərir ki, məzmunun nədir, necədir? Sənəddə nə düzdür, nə səhvdir? Guya mənimlə vətəndaşların əlaqəsi çoxdur. Ancaq mən Almaniyaya gələndə artıq miqrasiya üzrə tanınmış mütəxəssis idim. Bunlar isə burada bunu bilmirlər"
, - Əlövsət Əliyev deyib.

Onun sözlərinə görə, saxlanmağının əsası kimi Azərbaycan əsilli bir mühacirin ona qarşı "yalnış ifadə" verməsi olub.

Əlövsət Əliyev bildirib ki, o şərti azadlığa buraxıldığı üçün hələlik bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcək.

Ə.Əliyev AzadlıqRadiosuna müsahibəsində isə bildirib ki, yanvarın 30-da vəkil məhkəməyə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət edib: «Məhkəmə müraciətə baxdı və hesab etdi ki, istintaq zamanı mənim həbsdə saxlanılmağıma ehtiyac yoxdur. Qaçıb gizlənməyim, istintaqdan yayınmağım ehtimal edilmir. Bu əsasları və cinayət işinin tam perspektivli görünmədiyinə görə mənim həbsdən azad edilməm barədə qərar qəbul edildi».

Ə.Əliyev əlavə edib ki, hazırda araşdırma gedir: «Cinayət işi Azərbaycan Respublikasından miqrantların qanunsuz gətirilməsi ilə bağlı açılıb. Cinayət işi başqaları ilə bağlıdır, mənimlə bağlı deyil. Həmin adamlardan biri ifadəsində göstərib ki, Əlövsət Əliyev bir qrup şəxs vasitəsilə Almaniyaya miqrant daşıyır. Bu, yalan və uydurmadır».

Ə.Əliyev həbsinin səbəbləri ilə bağlı suala cavab verərkən Azərbaycanın Almaniyadakı səfirliyi ilə arasında pis münasibətin olmasından danışıb: «Mən səfirlikdən tələb etmişdim ki, vətəndaşların sənədlərini vaxtında və lazımi qaydada versinlər. Demişdim ki, divarda maarifləndirici bukletlər asılmalıdır. İnsanlar növbədə dayanmasın, məmurdan asılı vəziyyətə düşməsinlər. Elan etmişdim ki, onlar asılmasa, bir ay sonra mən gəlib özüm onları asacam. Elə həbs olunduğum gün elan etdiyim bir ay tamam olmuşdu. Səfirlik onunla bağlı mənim əleyhimə tədbirlərə başlamışdı...».

Hələlik, bu fikirlərə Azərbaycanın Almaniyadakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Almaniya polisinin ötən il noyabrın 13-də miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə saxladığı səkkiz azərbaycanlının arasında Əlövsət Əliyev də olub.

Həmin vaxt Əlövsət Əliyevlə görüşən vəkil Erich Althammer müvəkkilinin "heç bir Almaniya qanununu pozmadığını dediyini" bildirmişdi.

BBC News Azərbaycancaya müsahibəsində vəkil Erich Althammer Əlövsət Əliyevə istinadən bildirmişdi ki, o, ona verilən ittihamlarla "tam tanış ola bilməyib".

Cənab Althammer bildirib ki, o, Əlövsət Əliyevi daha əvvəldən tanıyır və onun Almaniya qanunlarını pozacaq əməllərinə rast gəlməyib.

Əlövsət Əliyevin oğlu, Almaniyada yaşayan Türkel Rüstəmxanlı BBC News Azərbaycancaya demişdi ki, atası noyabrın 13-də Berlinə gedərkən saxlanılıb. Türkel Rüstəmxanlı atasının saxlanma səbəbi və ona qarşı ittihamlar barədə məlumatsız olduğunu da bildirmişdi.

Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya "bir neçə həftə əvvəl də Əlövsət Əliyevin ofisində yoxlama aparılsa da, heç bir saxta sənədin tapılmadığını" demişdi.

"Əlövsət Əliyevin saxta sənədlərlə və ya qanunsuz miqrant işləri ilə əlaqəsinin olduğunu qətiyyən düşünmürəm. Almaniyaya müxtəlif ölkələrdən axın edirlər. Miqrantlarla bağlı işləyən müxtəlif firmalar var, amma Əlövsət Əliyevin firması bu işlərlə məşğul olmayıb. Ola bilsin hansısa sənədlərin tərcüməsinə kömək edə bilər, amma o, qərar vermir, nə də səlahiyyəti var. Əgər miqrant gedib Almaniyada qalırsa ona bununla məşğul olan alman təşkilatlar baxırlar".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz