Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır
Tarix: 17-03-2020, 16:25
Respublikanın əyalətlərində qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 19-da saat 00:00-dan etibarən müvəqqəti dayandırılacaq.
CivilAzerbaijan.com bildirir ki, bu barədə bu gün, martın 17-də Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.
Bildirilir ki, həmin tarixdən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, yük daşıyan avtomobillər istisna olmaqla respublikanın şəhərlərində, rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır:
«Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin və sərnişindaşıma nəqliyyat vasitələrinin qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən... çəkinməyə çağırırıq».
Habelə, Sumqayıt, Abşeron istisna olmaqla ölkənin bütün yerlərindən qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılacaq: «Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir. Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir. Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq».
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər