Polis Mübariz Mənsimova dəstək aksiyasını dağıdıb, jurnalistlər döyülüb - VİDEO

Xəbərin çap versiyası
Tarix: 18-03-2020, 18:04
Polis Mübariz Mənsimova dəstək aksiyasını dağıdıb, jurnalistlər döyülüb -


Bu gün, martın 18-də Bakıda bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər.

CivilAzerbaijan.com
AzadlıqRadiosuna istinadla bildirir ki, aksiya iştirakçıları Türkiyədə həbs edilən «Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu müdafiə etdiklərini bildiriblər. Bəzi şəxslər elə aksiyanın gedişindəcə M.Mənsimovun müdafiəsi ilə bağlı imza toplanmasına da başlayıblar. Aksiya iştirakçılarından biri bildirib ki, M.Mənsimovun həbsinə etiraz bəyanatı hazırlanır.

«Bəyanatda Türkiyənin hüquqi dövlət olduğu vurğulanır. Azərbaycanla Türkiyə dövlət rəhbərləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bir çox məsələlərdə birgə lazımı addımlar atdıqları yada salınır. Eyni zamanda, M.Mənsimovun xidmətləri qeyd edilir və hər iki dövlət rəhbərindən xahiş edilir ki, tanınmış işadamının həbsdən azad olunmasında yardımçı olsunlar», - deyə həmin şəxs bildirib.

Aksiya təşkilatçıları haqqında bəhs edilən bəyanatı oxumaq istəsələr də, polis əməkdaşları buna imkan verməyiblər. Daha sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb. Polis bunu aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib. Aksiyaya, hələlik, Türkiyə səfirliyindən münasibət almaq mümkün olmayıb.

Turan İnformasiya Agentliyi bildirirb ki, aksiya polis tərəfindən dağıdılarkən sarı jurnalist jileti geyinmiş jurnalistlər belə zorakılığa məruz qalıb.

Xüsusən, "Azadlıq" radiosunun foto-video operatoru Ramin Deko döyülüb və aksiyanı çəkdiyi mobil telefon onun əlindən alınıb.

"Polis əvvəl sakit davranırdı, amma bir neçə dəqiqə sonra onlara əmr verildi və onlar jurnalistlərə hücum etdilər və onları döyməyə başladılar. Mənim telefonumu əlimdən aldılar və asfalta çırpdılar. Özümü yera atdılar və ayaqlamağa və vurmağa başladılar. Qolumdan və ayağımdan xəsarət aldım, üzümdə qançırlar var", deyə jurnalist bildirib.

Frilanser Təbriz Mirzəyev deyilənləri təsdiq edib, 10-dan çox jurnalistin xəsarət aldığını qeyd edib. Onlar hamısı sarı julet geyinmiş və mətbuat kartı taxmışdı.

"Bizi vəhşicəsinə döydülər, kameralarımızı qırdılar. Biz oradan uzaqlaşıb maşına mindikdən sonra polis qapını açıb bizi maşının içində də döyməyə və təhqir etməyə başladı. Biz DİN-ə şikayət vermək niyyətindəyik", deyə o, Turan agentliyinə bildirib.

Öz növbəsində, Bakı Şəhər Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev hadisə ilə bağlı "araşdırmalardan" sonra şərh verəcəyini bildirib.

«Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə martın 15-də saxlanıb. Türkiyə mediasında yazılanlara görə, M.Mənsimov İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində də axtarış aparıldığı bildirilib. «Hürriyet» qəzetində yazılıb ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2015-ci ildə Türkiyədə çevriliş və ABŞ-da yaşayan Fəthullah Gülənlə əlaqələrə görə aparılan araşdırma çərçivəsində tutulub. M.Mənsimov haqqında martın 16-da axşam saatlarında həbs-qətimkan tədbiri seçilib.

«Palmali» Şirkətlər Qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.
]



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz