Rafiq Tağının anası vəfat edib

Xəbərin çap versiyası
Tarix: 6-04-2020, 17:03
Rafiq Tağının anası vəfat edib


Qətlə yetirilərək dünyasını dəyişən yazıçı Rafiq Tağının anası vəfat edib.

CivilAzerbaijan.com
bildirir ki, bu haqda mərhum yazıçının qardaşı İlqar Tağı öz Feysbuk hesabında məlumat verib.

"Anam arxamca su atmayacaq daha”, - İlqar Tağı qeyd edib.

Xatırladaq ki, Rafiq Tağının anası vəfat etdiyi ana qədər onun ölümündən xəbərsiz olub. Ona Rafiq Tağının xaricdə olduğunu söyləmişdilər.

2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. "Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar (Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri) tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Rafiq Tağının anası vəfat edib


Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.

Məhkəmə Azərbaycan hökumətinin üzərinə R. Tağının ailəsinə və S. Sədaqətoğluna maddi təzminat ödəmək öhdəliyi qoyub.

R. Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada vəfat edib.

Bu cinayətin üstü hələ də açılmayıb. Bununla bağlı şikayət AİHM-də hal-hazırda kommunikasiya prosesindədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz