Əli Kərimli: Səhv yoldadırlar, Azərbaycanı uçuruma aparırlar
Tarix: 16-04-2020, 20:33
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində karantin dövründə yaranan problemlər, ölkədəki sosial-iqtisadi durum, iqtidar-müxalifət münasibətlərindən danışıb.
CivilAzerbaijan.com həmin müsahibəni təqdim edir:
- Siz qeyd edirsiniz ki, internet əlaqələriniz, mobil telefon əlaqələriniz, ümumiyyətlə evinizdə olan digər kommunikasiya vasitələri kəsilib. İndi, hazırda vəziyyət necədir? Əlaqələriniz nə vaxtdan kəsilib?
- 13 apreldən, Sevinc xanım Osmanqızı ilə canlı yayımda müsahibəm olacaqdı, həmin axşamdan evdəki bütün internet əlaqələri kəsilib. Amma son iki gündə ara-sıra mobil telefonla əlaqəm olur. Mobil telefonum bəzən işləyir, bəzən işləmir. Deməli, onu özləri tənzimləyir. Məsələn, iki gün bundan qabaq axşam yayınlarının birində Sevinc xanım məni telefonla canlı yayıma qoşmaq istədi, elə o andaca, - `sizi efirə qoşuruq`, - deyən kimi mobil telefonla əlaqə kəsildi. Onu da vaxtaşırı kəsirlər. Amma gündüzlər mobil telefonum işləyir, internet olmur.
- Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası koronavirus pandemiyasından əvvəl bəyanatla çıxış edib ki, bütün toplantıları, etiraz aksiyalarını, tədbirləri dayandırır. Belə olan halda hökumətin yüksək səviyyəli məmurlarının, dövlət başçısının tənqidi çıxışlarına münasibətiniz necədir?
- Həqiqətən də biz hələ karantin dövründən əvvəl öz strukturlarımızda karantin elan etmişik və hər kəsə tam izolyasiya müraciəti etmişik. Pandemiya başlayandan sonra da mənim çıxışlarımın hamısında hökumətə təkliflər, tövsiyələr olub ki, onun qarşısını necə alaq. Təkcə bir faktı xatırladım ki, süni nəfəs aparatları ilə bağlı (təvəzörkarlıqdan uzaq olmasın) mənim qədər Azərbaycanda heç kim yazmayıb, danışmayıb. Mən məxsusi olaraq bunun kampaniyasını aparmışam ki, ölümlərin sayının azalması üçün indidən, - mən yanvar-fevral aylarından başlamışam bu kampaniyanı, - Azərbaycan süni tənəffüs aparatları almalıdır. Onun deposunu yaratmalıdır. Çünki xəstəlik pik həddinə çatanda o, bizdə çatışmaya bilər. Eləcə də bütün başqa məsələlərlə bağlı bizim təkliflərimiz, bu pandemiyanın qarşısını almaq, onu yüngül keçirməklə bağlı olub və ölkəmizin insanlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olub. Ona görə də İlham Əliyevin özünün və ətrafının belə aqressiv çıxışlarının heç bir obyektiv əsası yoxdur. Bəs, bu aqressiv çıxışlar nədən irəli gəlir? İlham Əliyev görünür bilir ki, xalq həddindən artıq narazıdır. Nə hal-hazırda olan dövlət resurslarından insanların sosial problemlərini həll etmək üçün istifadə etmir. Onu hansı məqsədlər üçünsə saxlayır. Biz konkret olaraq ona təkliflər veririk. O təkliflərin arasında, bax deyirsiniz ki, büdcəmizdə profisit (büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği-red) var, istifadə edin. Deyirsiniz ki, 52 milyard dollar rezervimiz var, istifadə edin. Biz konkret rəqəmlərlə sübut edirik ki, Azərbaycandakı indiki vəziyyətdə sosial problemləri həll etməyə Azərbaycan hakimiyyətinin resursları var. Amma ondan istifadə etmir. Biz də bunu cəmiyyətə başa salırıq. Misal üçün, mən çıxıb cəmiyyətin qarşısında bunu açıq deyəndə ki, balaca Güncüstanın cəmi 3,2 milyard rezervi var. Azərbyacandan haradasa 16 dəfə azdır. 14 milyard xarici borcu var, yəni Azərbaycandan 4 milyard artıqdır. Amma Gürcüstan öz rezervinin 22 faizini xalqının sosial problemlərinin həllinə yönəldib, Azərbaycan hakimiyyəti öz rezervlərinin 1,2 faizini Azərbaycan hakimiyyətinin bu vəziyyətdən çıxmasına yönəldib. Buna arqument tapa bilmirlər. Ona görə də aqressiya yaranır, bir tərəfdən hökumətdən narazılıq artır, o biri tərəfdən alternativ təkliflərlə çıxış edən müxalifətin tərəfdarları artır. Onlar da bunu izləyirlər ki, müxalifətin tərəfdarları artır. Narazı insanlar müxalifətin tələblərini, təkliflərini dəstəkləyir. Bu onda aqressiya yaradır. Amma səhv bir istiqamətdə düşüncədir. Bununla nəyə nail olmaq olar? Bilirisiniz, İlham Əliyev başda olmaqla, hökumətin səhvi ondandır ki, şəxsiyyət faktorunu siyasətdə çox önəmsiyir. Bu gün Əli Kərimlini xeyli adam dinləyirsə, ona görə bunu dinləyir ki, mən onların sözünü deyirəm. Sabah Əli Kərimli təcrid olunacaq, bir başqası onların sözünü deyəcək, yenə də insanlar həmin o müxalif sözü deyən adamı, haqq sözü deyən adamı dəstəkləyəcək. İstənilən halda İlham Əliyevin arxasınca getməyəcək. İstənilən halda onu dinləməyəcəklər. Mən təcrid olundum-olunmadım, Cəmil Həsənli, başqa müxalifətçilər təcrid olundu-olunmadı, əgər o xalqa doğru addım atmayacaqsa, xalqın ona qarşı neqativ münasibəti get-gedə artacaq və bu narazılıq günün birində hansısa bir hərəkata çevriləcək. Ona görə də bax, indi İlham Əliyev situasiyanı düzgün qiymətləndirə bilmir. Narazılığın artdığını görür, amma onu düzgün təhlil edib, çıxış yolunu axtarıb tapa bilmir. Aqressiyasını bizə yönəldir. Bizi vaxtaşırı `düşmən`, `beşinci kolon`, nə bilim, `tarixin zibilliyində olanlar` və sairə adlandırmaqla, əslində bütün dünya miqyasında özünü gündəmə gətirir. Baxın, bu günləri dünyanın ən nüfuzlu kütləvi informasiya vasitləri, dünyanın ən məşhur hüquq-müdafiə təşkilatları İlham Əliyev rejimini dünyaya nümunə, simvol kimi gəstərirlər ki, koronavirus dövründən necə öz rəqiblərini əzmək üçün istifadə edir. İyirimi nəfərədək müxalifətçi həbs ediblər. Ətrafımdakı bütün yaxın adamları həbs ediblər. Bu həbslər davam edir. Bunun koronavirusla mübarizəyə nə dəxli var? Bunun millətin sosial problemlərinin həllinə nə dəxli var? Sən doğrudan da xalqın könlünü almaq istəyirsənsə, o rezervlərin 3-5 faizini xalqın problemlərini həll etrməyə yönəlt.
- Vəziyyətdən çıxışı nədə görürsünüz?
- Vəziyyətdən çıxış ondan ibarətdir ki, İlham Əliyev başa düşməlidir ki, neft erası gerçəkdən başa çatır. Artıq avtoritar rejimlərin də erası başa çatır. Yeri gəlmişkən, yəqin ki, bu böhran, ardınca davam edən həmin o neft qiymətləri böhranı təkcə Azərbaycanda yox, dünya miqyasında avtoritar rejimlərə elə bir zərbə vuracaq ki, yəqin ki, bundan sonra çox nadir halda avtoritar rejim qalacaq. Ona görə də indi çıxış yolu hərbə-zorba deyil. Leksikonu sərtləşdirib, siyasi opponentləri düşmən adlandırmaq deyil. Özünə müxalifət seçmək deyil. Yeri gəlmişkən, o özü-özünə müxalifət seçir, o, siaysi qüvvələri pis günə qoyur. Bu qədər zülmkar bir hakimiyyət, əgər, o hansısa müxalifəti özü üçün müxalifət kimi seçirsə, həmin qurum avtomatik olaraq xalqın gözündən düşür. O, başa düşməlidir ki, onun müxalifət seçmək lüksu yoxdur. O çox şey edə bilər, amma özünə müxalifət seçə bilməz. İndi xalqa doğru addımlar atılmalıdır. Birincisi, bu saat sosial məsələdir. Ölkədə 6-7 milyon nəfər çox ciddi ehtiyacı olan insan var. Bu karantin dövrü davam etdikcə onlara aylıq minimum 300 manat pul yardımı etmək lazımdır. Bu, birinci məsələdir. Ardınca digər sosial problemləri, - uşaq pulu, tibbi sığorta məsələlərini həll etmək lazımdır. Bu büdcədən müəyyən qədər pul aparacaq. Nə qədər aparacaq? Ən uzağı 2-3 milyard dollar aparacaq. Bu nə qədər olacaq? Bizim rezervlərimizin 4-5 faizi qədər olacaq. Yaxşı, bu pul xərclənməkdən ötrüdür. Dünyada kim pul xərcləmir ki? Heç bizim qədər, müqayisədə rezervi olmayanlar borca gedib xərcləyirlər. İndi bizim, şükür allaha, rezervimiz var. O puldan xalq üçün xərcləmək lazımdır. Bu vəziyyətdən çıxmaq və dərhal açılım, iqtisadi-siyasi açılıma getmək lazımdır. İqtisadi açılım olmasa, neftin, qazın qiymətlərinin də bu aşağı vəziyyətində olduğu dövrdə, ölkə labüdən dərin iqtisadi və sosial krizisə (böhrana) girəcək. Ona görə mütləq ciddi iqtisadi açılım olmalıdır. İnsanların bu qədər narazı olduğu şəraitdə mütləq çoxpartiyalı sistemin önü açılmalıdır. Gerçək müxalifətin hüquqları tanınmalıdır. Sərbəst toplaşmaq azadlığı olmalıdır. Nədən ötrü? İnsanlar narazılığını legitim yolla ifadə etsinlər ki, Azərbaycan günün birində sosial partlayışla üz-üzə qalmasın. Ölkənin sosial partlayışdan, xaosdan xilasının yolu siyasi, iqtisadi, sosial islahatlar həyata keçirməkdən keçir. Əgər bunu etməyəcəksə, Azərbaycanda pisləşən vəziyyətə görə şəxsən İlham Əliyevin özü məsuliyyət daşıyacaq.
- Beynəlxalq təşkilatlar, o cümlədən Amerika Dövlət Departamenti Azərbaycan hakimiyyətinə siyasi məhbus deyilən şəxslərin azadlığa buraxılmasını, eyni zamanda ehtiyacı olan məhbusların azadlğa buraxılmasını təklif edib. Sizin münasibətiniz necədir?
- Əlbəttə, sağlam məntiq belə də tələb edir. Nəinki demokratik ölkələr, baxın, ətrafda o qədər də demokratiyası ilə fərqlənməyən dövlətlər də məhbusları kütləvi şəkildə azad edirlər. İnsan həyatından söhbət gedir. Tutaq ki, həqiqətən də cinayət törətmiş adamdır. O, məsələn, üç il müddətində azadlıqdan məhrumetməyə haqq edir, amma o, ölümə haqq etmir ki? Amma bu günləri həmin bu COVİD-19-un geniş yayıldığı şəraitdə 3 il müddətində azadlıqdan məhrumetməyə haqq edən insan həbsxanada həyatını itirə bilər. Ona görə də dünyada belə bir tendensiya var ki, maksimum kimi azadlığa buraxmaq mümkündürsə (ağır cinayət törətmiş insanlar istisna olmaqla), kimin cəmiyyətə adaptasiya imkanı varsa o adamları buraxmaq lazımdır. Sağımızda, solumuzda hamı bunu edir, İlham Əliyev də, Azərbaycan hakimiyyəti də etməlidir. Üstə gəl, Azərbaycanda bu gün 130 nəfərin üzərində, çox ləyaqətli, xalqının sözünü dediyi üçün cinayət törətmədən həbs olunmuş siyasi məhbus hesab olunan insanlar var. O adamlar azad olunmalıdır. Baxın, ardıcıl olaraq ABŞ-ın dini azadlıqlar üzrə səlahiyyətli nümayəndəsi inanclı məhbusların da azad olunmasını tələb edir. İndi, bu adamlar özlərini nə yerə qoyurlar ki, - ABŞ dünyəvi dövlət tərəfdarı deyil? ABŞ da Azərbaycanda şəriət dövləti qurulmasını istəyir? Bunlar həmişə bizi bununla şantaj edirdilər. Biz inanclı insanların hüquqlarını müdafiə edəndə, bizə nə şantaj edirdilər? Yox, siz burada şəriət dövləti qurmaq istəyirsiniz? Başa düşmürlər ki, insanın görüşlərindən asılı olmayaraq, dünya görüşünün necə olmasından asılı olmayaraq onun fundamental hüquqları var. Beynəlxalq konvensiyaların təminat verdiyi hüquqları var. Ona görə də, bütün siyasi məhbuslar azad edilməlidir. Amma İlham Əliyev nə edir? Əvəzində, Tofiq Yaqublu kimi böyük bir mübarizi, şəxsiyyəti, Qarabağ savaşçısını bu iki daşın arasında həbsə atdırır. Nə edir? Əlavə Xalq Cəbəhsinin funksionerlərinə, Təzəxan Mirələmliyə, Əlzamin Salayevə cinayət işi açdırır. Başqa bir neçə nəfərlə bağlı, hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədə cinayət işi açıblar, həbs olunub. Müsəlman Birliyi Hərəkatından Elvin Mürvətoğlu bax bu günlərdə həbs olunub. 5 nəfər cinayət işi ilə təqib olunur. 20 nəfərə yaxın adam da inzibati qaydada həbs olunub. Ona görə də bunu durdurmaq lazımdır. Dünya Azərbaycan hakimiyyətinin bu qeyri-adekvat davranışlarını qınayır. Azərbaycanı bu qədər qınağa gətirməyə ölkəyə rəhbərlik edənlərin haqqı yoxdur. Çünki, özləri də etitaf edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti pisləşəcək və Azərbaycanın bütün dünyanın dəstəyinə ehtiyacı olacaq. İndidən dünya ilə konfrantasiyanı, xalqla konfrantasiyanı durdurmaq, siaysi məhbusları və digər mümkün olan məhbusları azad etmək lazımdır.
- Bu gün Azərbaycan hökumətinə və beynəlxalq ictimaiyyətə bir sözünüz, müraciətiniz varmı?
- Azərbaycan hökumətinə demək istəyirəm ki, səhv yoldadırlar. Bu yolda davam edəcəkləri təqdirdə gerçəkdən də ölkəni çox neqativ istiqamətə aparacaqlar. Əlbəttə, bizə də, bütövlükdə xalqa da bunun zərbəsi dəyəcək. Amma ən sonda ən böyük zərbəni özləri almış olacaqlar. Dayanmaq lazımdır. Əgər, İlham Əliyevin ətrafında elə adam qalmayıbsa ki, onu labüd səhv yoldan durdurmaq üçün səsini qaldırsın, heç olmasa bu sözləri müxalifətdən eşitsin. Səhv yoldadırlar və bu yolda getməkdə davam etsələr, bu yol bütövlükdə Azərbaycanı da, onun iqtidarını da uçuruma aparır. Dayanmaq lazımdır. İslahatlara gerçəkdən getmək lazımdır. Bu, imitasiya var, bu heç kimi inandırmaz. Nə Azərbaycanda islahat olmağına heç kim inanmır, nə bu ölkədə iqtidar-müxalifət dialoqu yoxdur, nə siyasi qüvvələrin yeni bir konfiqurasiyası yoxdur. Elə 27 ildir ata-oğul Əliyevlərin dövründə həmişə hökumətin özünün himayəsində olan bir müxalifət olub. Onunla da çox mehriban olublar. İndi nə dəyişib ki? Ona görə də, özünü aldatmaq siyasətindən imtina edib, gerçəkliyin üzünə baxıb, nəhayət dəyişikliklərə getmək lazımdır. Dünya ictimaiyyətinə bir tərəfdən təşəkkür etmək istəyirəm ki, belə bir vaxtda, yüz minlərlə, hətta milyonlarla insanın həyatı riskdə olduğu bir vaxtda onlar Azərbaycandakı vəziyyəti unutmayıblar. Vaxtaşırı, biz, dünyanın nüfuzlu kütləvi informasiya vasitələri və hüquq-müdafiə təşkilatlarından Azərbaycandakı repressiyalarla bağlı münasibət görürük. Amma beynəlxalq təşkilatların hamısı barədə bunu deyə bilmərəm. Axı Azərbaycan hökumətinin konkret olaraq öhdəliyi var. Bizim qarşımızda, Azərbaycan hökumətinin biz xalqın qarşısındaöhdəliyi konstutisiyada təsbit olunub. Bir də var Azərbaycan hökumətinin dünya birliyi qarşısında öhdəliyi. Həmin öhdəliklər BMT Nizamnaməsində, ATƏT-in Yekun Aktında, Azərbaycan hakimiyyətinin imzaladığı beynəlxalq konvensiyalarda, Avropa Şurasının üzvü olarkən götürdüyü öhdəliklərdə nəzərdə tutulub. Nədir o öhdəliklər? Bizim hamımızın yaşam hüququmuz var. Bizim sərbəst toplaşmaq, söz azadlığımız var. Çoxpartiyalı sisten qurmaq azadlığımız var. Bu hüquqlarımız pozulur. Mən həmin beynəlxalq təşkilatları daha ucadan danışmağa çağırıram. Çünki onlar da görməlidirlər ki, onlar susduqca Azərbaycandakı kimi avtoritar rejimlər daha birmənalı şəkildə insan hüquq və azadlıqlarını məhdudlaşdırlması siyasətinə keçirlər. Ona görə də artıq Azərbaycanda və başqa avtoritar ölkələrdə baş verənləri öz adı ilə çağırmaq lazımdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər