AXCP: Hakimiyyət Əli Kərimlinin həbsinə zəmin yaradır
Tarix: 2-05-2020, 14:00
Azərbaycan hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlini həbs etmək məqsədilə partiyaya qarşı repressiya dalğasını davam etdirir.
CivilAzerbaijan.com bildirir ki, bu barədə AXCP-nin mayın 2-də yaydığı bəyanatda deyilir.
AXCP bildirir ki, dövlət başçısı İlham Əliyevin martın 19-da və aprelin 14-də “xalq düşmənləri” ilə haqq-hesab çəkməyə yönələn açıq çağırışından sonra başlayan repressiyalar 12 partiya fəalının həbsinə səbəb olub.
Eyni zamanda Kərimlinin telefonları və İnterneti bağlanıb, ona baş çəkən jurnalistlər həbs və təhdidlərə məruz qalır.
Həbsdə olanlardan işgəncə altında Əli Kərimlinin əleyhinə ifadələr alınıb.
Mayın 1-də məlum olub ki, işgəncələr barədə məlumat verən fəal Niyaməddin Əhmədovu təcridxanadan çıxararaq Dövlət Təhlükəsizliyi Xidmətinə aparıblar, orada ona qarşı hələlik məlum olmayan maddə üzrə cinayət işi açıblar.
Elə həmin gün jurnalist və fəal Səadət Cahangir demək olar ki, öz evindən oğurlanıb. Prokurorluq işçiləri onu aldadaraq mənzilinə giriblər, axtarış aparıblar, şəxsi pulunu, kompüterini və telefonunu götürüblər.
Vəkil çağırmasına imkan verməyiblər və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 8 saat dindiriblər.
Ondan AXCP liderinin əleyhinə ifadə almağa, partiyanı heç bir təşkilati-siyasi bağlılığı olmayan şəxslərlə əlaqələndirməyə cəhd ediblər.
“Bütün bunlar göstərir ki, hüquq-mühafizə orqanlarının bu addımı siyasi sifarişdir və aydındır ki, əsas məqsəd uydurma ittihamlarla AXCP sədri Əli Kərimlinin həbsinə zəmin yaratmaqdır,” partiyanın bəyanatında deyilir.
AXCP yerli və beynəlxalq ictimaiyyəti hakimiyyətin bu cür qanunsuz addımlarına biganə qalmamağa çağırır.
Hüquq mühafizə orqanları AXCP-nin bəyanatına hələ münasibət bildirməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər