Azərbaycanda nə qədər məhbus koronavirusa yoluxub?

Xəbərin çap versiyası
Tarix: 14-05-2020, 15:57
Azərbaycanda nə qədər məhbus koronavirusa yoluxub?


Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində koronavirusa yoluxanların sayı artıb. Son günlər 90-dan çox infeskiyaya yoluxmuş şəxs koloniyadan çıxarılıb.

CivilAzerbaijan.com
AmerikanınSəsi-nə istinadla bildirir ki, həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın sözlərinə görə, bu koloniyada sanitar-gigiyenik vəziyyət ağırdır.

“Koloniya daş karxanalarının yaxınlığında yerləşir, buradan məhbusların ciyərlərinə toz yığılır. Karantinlə əlaqədar məhbuslara yemək gətirilməsinə qadağa qoyulub. İmkanı olanlar koloniyanın mağazasından ərzaq alır. Bəzilərinin yemək almağa pulu yoxdur. Pis qidalanma nəticəsində məhbusların immuniteti zəifləyir və kütləvi şəkildə yoluxurlar.“

Əminə Hacıyeva onun media vasitəsilə prezidentə müraciətindən sonra Ədliyyə Nazirliyinin yoluxanların olduğunu etiraf etdiyini deyib.

“Ancaq əslində 33 xəstə deyil, daha çoxdur. Keçən şənbə günü Cahangir ilə telefonda danışdıq. O zaman test nəticəsində 28 xəstə müəyyən edilmişdi. Bu axşam yenidən zəng etdi və dedi ki, 96 xəstə məhbusu artıq koloniyadan çıxarıblar. Onun saxlandığı yerdən 30 xəstə aparıblar. Müayinələr ekspress-testlər ilə aparılır, lakin onlar dəqiq deyil. Hətta temperaturu elektron termometrlərlə ölçürlər ki, bu da beş dəqiqədən sonra digər məlumatları göstərə bilir,” Hacıyeva deyib.

“Cahangir son iki ayda dördüncü dəfə xəstələnib, ağır boğulma, öskürək var. Mən özüm həkiməm və hər dəfə ona dərman göndərirəm, amma xəstəliyinin nə olduğunu dəqiq bilmirəm. Ürək çatışmazlığından əziyyət çəkir və iki dəfə ürəyi tutub. Qardaşım risk qrupundadır,” o qeyd edib.

“Məhkumları heç olmasa müvəqqəti koloniyalardan azad edib ev dustaqlığına keçirmək lazımdır,” Hacıyeva belə hesab edir.

Siyasi məhbus kimi tanınan Saleh Rüstəmlinin qardaşı Tale Rüstəmov da 13 saylı koloniyada koronavirusa kütləvi yoluxma haqda məlumat verib.

“Hələ martın ortalarında karantin başlayanda çoxları xəstələndi. Koloniyaya qardaşım və daha 20 nəfər üçün dərman verdim. Saleh hələ o zaman deyirdi ki, məhkumlar gündə 2-3 dəfə bayılma keçirirlər. Ancaq heç bir müayinə aparılmayıb.

Yalnız bir məhkumu çıxarıblar. Bir həftə əvvəl məhkumlar kütləvi şəkildə xəstələnməyə başlayıb. Bundan sonra koronavirus üçün testlər aparmağa başlayıblar.

Bu gün Saleh zəng etdi və dedi ki, son günlər təxminən 90 nəfər koloniyadan çıxarılıb. Bu gün dərman apardım, amma qəbul etmədilər,” Tale Rüstəmov deyib.

Mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisəlrədə, o cümlədən 13 saylı koloniyada 33 nəfərin yoluxduğunu bildirib.

Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliynin Baş Tibbi İdarəsi və Penitensiar Xidmətdən koronavirusa yoluxmuş məhbusların sayı və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz