Əli Kərimlinin daha bir mühafizəçisi həbs olunub

Xəbərin çap versiyası
Tarix: 19-05-2020, 18:54
Əli Kərimlinin daha bir mühafizəçisi həbs olunub


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadə (Bakuvi) bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, 3 gün əvvəl, mayın 16-da uşağını həkimə apararkən mülkigeyimli şəxslərin saxlayaraq naməlum istiqamətə apardıqları S.Məmmədzadəyə qarşı cinayət işi açılıb: "Bugün, mayın 19-da Səid Məmmədzadənin anasına Xətai Rayon Polis İdarəsindən zəng vurub deyiblər ki, oğlu həmin polis idarəsindədir. Guya o, kiməsə bıçaqla xəsarət yetirib".

Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da "Turan" agentliyinə bu məlumatı təsdiqləyib: "Səid Məmmədzadənin hansı partiyanın üzvü olub-olmamasının məsələyə aidiyyəti yoxdur. O, işlətdiyi avtomobil yuma məntəqəsində vətəndaşa bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Əvvəl bir dəfə adam oğurluğuna görə, ikinci dəfə isə quldurluğa görə məhkum olunmuş S.Məmmədzadənin barəsində bu dəfə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Artıq S.Məmmədzadə barədə həbs-qətimkan tədbiri seçilib".

AXCP isə S.Məmmədzadənin həbsini partiyaya təzyiq kimi qiymətləndirir: "S.Məmmədzadə ictimai əsaslarla partiya sədri Əli Kərimlinin mühafizəsində iştirak edirdi və onun həbsi siyasi fəaliyyəti ilə bağlıdır".

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmirlər.

S.Məmmədzadənin (Bakuvi) qaydasız döyüş idman növü üzrə dünya çempionu olduğu bildirilir.

Ə.Kərimlinin mühafizəçilərindən Niyaməddin Əhmədov isə terrorçuluğu maliyyələşdirməkdə şübhəli sayılaraq həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədova qarşı ittihamın mahiyyəti məlum olub. Bu barədə Baş Prokurorluq rəsmi açıqlama yayıb.

İddia olunur ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən, bir sıra hallarda təhqirlər də səsləndirən Qabil Məmmədov Azərbaycanda terrora hazırlaşıb: “Terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələrdə yayımladığı videoçıxışlarında özünə tərəfdar bildiyi, dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək, silahlanıb kütləvi aksiyalarda yüksək vəzifəli şəxsləri, polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluq törətməyə yönələn açıq çağırışlar edib”.

İttihama görə, Q.Məmmədov bu məqsədlə Niyaməddin Əhmədova pul göndərib: “Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pulları qəbul edərək, uydurma ünvanlar adı altında qəsdən toplamaqla, terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb”.

Açıqlamada vurğulanır ki, Q.Məmmədovla N.Əhmədov həmyerlidir.

N.Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

N.Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun işi üzrə istintaq isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

AXCP N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz