Azərbaycan rəsmiləri Amerika qurumlarını ləkələməyə çalışırlar

Xəbərin çap versiyası
Tarix: 19-05-2020, 19:25
Azərbaycan rəsmiləri Amerika qurumlarını ləkələməyə çalışırlar


ABŞ Senatı pandemiya bəhanəsilə insan haqlarını pozan rejimlərə qarşı sanksiya nəzərdə tutan qanun hazırlayır. Qanunverciliyə əsasən ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID) diplomatiya və inkişaf yardımı yolu ilə koronavirusla mübarizə adı altında insan hüquqlarının pozulmasının qarşısını almaq məqsədi ilə addımlar atacaq. Sənədi hazırlayanlar düşünürlər ki, İnsan Haqlarının Pandemiya Zamanı qorunması Aktı koronavirusla mübarizə zamanı həm ABŞ-da, həm də beynəlxalq səviyyədə insan hüquqlarının qorunmasını təşviq etməlidir. Beynəlxalq qanunlara əsasən, ölkələr hətta milli fövqəladə hallar zamanı belə insan hüquqları ilə bağlı öhdəliklərinə hörmətlə yanaşmağa davam etməlidirlər.Bu arada ABŞ “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb.Bütün bu məsələlərlə bağlı ABŞ-da yaşayan jurnalist Ələkbər (Aleks) Raufoğlu ASTNA-ya danışıb.

CivilAzerbaijan.com
Ələkbər (Aleks) Raufoğlu ilə müsahibəni təqdim edir:

-Ələkbər bəy, xəbərlərə görə ABŞ Senatı pandemiyada insan haqlarını pozanlara dair qanun layihəsi hazırlayır. Bu sənəd hansı zərurətdən ortaya çıxıb və onun qəbul olunması şansını necə qiymətləndirirsiz?

-İndiki mərhələdə söhbət Senatda artıq elanı verilmiş iki mühüm qanun layihəsindən gedir: "Pandemiya zamanı insan hüquqlarının müdafiəsi" və "COVİD-19-a qarşı beynəlxalq mübarizə haqqında" qanunlar. Çox güman ki, ikinci sənədin qəbulu vaxt alacaq, belə ki, onun icrası üçün həddən artıq vəsait tələb olunur və üstəlik, müəllifləri də yalnız müxalif demokrat senatorlardır, hərçənd ki, irəli sürülmüş layihədə nəzərdə tutulanların önəmli bir hissəsi gələcəkdə digər qanunlara birləşdirilə də bilər.

"Pandemiya zamanı insan hüquqlarının müdafiəsi" qanununun qəbulu isə olduqca realdır. Onun müəllifləri arasında Konqressin hər iki qanadının, eləcə də siyasi səhnədəki bütün düşərgələrin təmsilçilərinə rast gəlmək mümkündür. Bu qanunların qəbulu insan haqlarının ABŞ-ın xarici siyasətində aparıcı rol oynamasını şərtləndirəcək və beləliklə də, qlobal bəlanı - pandemiyanı əlində bayraq edərək öz idarəçiliklərini möhkəmləndirməyə girişmiş avtoritar liderlərə münasibətə yenidən göz gəzdiriləcək.

Qanun hansı zərurətdən yaranıb? İlk növbədə, qanunvericilər bu addımı ictimai tələbə və eləcə də, qlobal təhlükəsizlik hədələrinə dair onlara təqdim olunan ciddi təhlillərə əsaslanaraq atırlar. Əlbəttə ki, belə təhlillərin heç də hamısı ictimaiyyətə tam açıq deyil, amma Vaşinqtonda söhbət etdiyim insan haqları və təhlükəsizlik ekspertlərinin dedikləri əsasında pandemiyanın daha bir neçə ay da davam edəcəyi təqdirdə, qlobal səhnədə doğuracağı mümkün təhlükələri 4 sıraya bölmək olar:

- avtoritarizmin dünyaboyu güclənməsi və siyasi hərc-mərclik. (Başqa sözlə, hakimiyyətlərin bəlaya qeyri-adekvat reaksiyalarının ağrılı nəticələri);

- inkişaf etməkdə olan ölkələrdə səriştəsiz qərarlar nəticəsində iqtisadi böhranın dərinləşməsi;

- donmuş hesab edilən münaqişələrin alovlanması, yeni qaçqın axınlarıı və virus təhlükəsinin daha acı ağrıları - ölümdən tutumuş, açlığa qədər;

- dezinformasiyanın ayaq tutub yeriməsi, və terrorizmin yenidən güclənməsinə şərait yaradılması

Ən təhlükəli ssenarilərə istinad etsək, göründüyü kimi, pandemiya sayəsində dünya sanki barıt çəlləyini xatırladır, və təsadüfi deyil ki, virusla bağlı vəziyyətin dəyişməyəcəyi təqdirdə, bizi gözləyən təhlükələrin ön cərgəsində məhz avtoritarizm gözə dəyir. Bu səbəbdəndir ki, ABŞ qanunverici orqanı növbəti mərhələdə insan haqlarını xarici siyasətdə ən başlıca prioritet elan etməyə hazırlaşır. Bunu hətta 2011-ci ilin 11 Sentyabr hadisələrindən sonra terorrizmlə mübarizənin qlobal diplomatiyada önə çıxması ilə müqayisə edənlər də var. Hər halda, güman olunur ki, növbəti mərhələdə xarici siyasətdə insan haqları üzrə çalışan diplomatlar ön cərgədə olacaq və avtoritar liderlər onlara münasibətlərindən əvvəlkindən daha az saymamazlıq nümayiş etdirməyə məcbur olacaq.

-Bu qanun layihəsində nələr nəzərdə tutulub? Yəni insan haqlarını pozan ölkələrə necə təsir gücü var? Sənəd konkret Azərbaycanı nəzərdə tutacaq, yoxsa Azərbaycandan başqa ölkələrə də şamil olunacaq?

-Sualın sonuncu hissəsinə bəribaşdan cavab verim ki, söhbət konkret bir və yaxud bir neçə ölkədən getmir, insan haqlarının kobud pozucularına münasibətdə ABŞ xarici siyasətinin barışmaz mövqeyini ortaya qoyur. Müəlliflər - Senatorlar Markey, Blackburn, Cardin, Wicker, və Merkley, eləcə də Konqressmenlər McGovern, Wagner və Malinowski Dövlət Departamentinin üzərinə - istər diplomatiya, istərsə da yardımlar rıçağı ilə - virus dönəmində insan haqlarının kobud pozuntularını qarşısını almaq öhdəliyini qoyurlar.

Xüsusilə, "Pandemiya Aktı" aşağıdakı 5 öhdəliyi özündə ehtiva edir:

- Demokratik təsisatları, vətəndaş cəmiyyətini, insan haqlarını müdafiə edənləri dəstəkləyən, eləcə də mətbuat azadlığını və digər beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını pandemiya dövründə və sonrasında baş verən hücumlardan qoruyan 5 illik proqram üçün (2020-2025 illər) maliyyə dəstəyi ayrılsın:

- Dövlət Katibindən və USAİD Administrasiyasından qanun qüvvəyə mindiyi gündən 30 gün müddətində, pandemiya və sonrakı dövrlərdə insan hüquqlarının pozulması ilə mübarizəyə dair 5 illik strateji planla birlikdə ilkin planlar təqdim etməsi tələb olunsun;

- Dövlət Departamentindən dünya ölkələrinin insan hüquqları ilə bağlı öhdəliklərinə pandemiya dövründə necə əməl etməsinə dair hesabatlar istənilsin - xüsusən də koronavirusa qarşı reaksiya zamanı fövqəladə tədbirlər və ya güc tətbiq edilməsinə diqqət yetirilməsi tələb olunur;

- 1961-ci ildə qəbul edilmişi Xarici Yardımlar Qanununun 502B (a) (4) müddəsinə əsasən ayrılan xarici təhlükəsizlik yardımlarının dəyərləndirilməsində ölkələrin insan hüquqlarını sistematik şəkildə pozulub-pozmadığı nəzərə alınsın;

- Dövlət Departamentinin İnsan Hüquqları üzrə İllik Hesabatlarına fövqəladə hallarda səlahiyyətlərdən sui-istifadə halları barədə faktlar əlavə edilsin, və eləcə də bu hesabatların maliyyələşməsi və nəticələri barədə Konqresdə illik dinləmələrin təşkili bundan sonra məcburi olacaq.

Azərbaycan rəsmiləri Amerika qurumlarını ləkələməyə çalışırlar

Ələkbər (Aleks) Raufoğlu

-Bu qanun layihəsi qəbul olunarsa və Azərbaycana şamil olunarsa, bu, Azərbaycan –ABŞ münasibətlərinə daha da mənfi təsir göstərməyəcəkmi? Azərbaycan- Rusiya münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarmayacaqmı?

-İlk növbədə, bu, Ağ Evdə kimin oturmasından asılı olmayaraq, ABŞ Administrasiyalarına Azərbaycan kimi ölkələrlə təmaslarında eneri və digər maraqlar naminə insan haqlarına göz yummağı tövsiyə edən lobbiçilərin dillərini qısa, işlərini isə çətin edəcək, belə ki, bununla onlar Dövlət Departamentini faktiki olaraq, Konqress tərəfindən qəbul ediləcək qanunu pozmağa vadar etmiş olacaqlar.

Eyni zamanda bu, Vaşinqtonla Bakı arasında insan haqları problemlərini aradan qaldırmaq işində əməkdaşlığı gücləndirmək üçün yeni pəncərə də açır. Təəssüf ki, Azərbaycan hakimiyyəti insan haqları sahəsində ABŞ-la birbaşa dialoqlardan uzun müddət yayınıb. Hərçənd ki, belə bir dialoq Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsidə, Azərbaycanla Avropa Birliyinin müvafiq qurumları arasında mövcuddur. ABŞ və Avropa səfirlikləri, məsələn, Gürcüstanda siyasi qüvvələr arasında dialoqun asanlaşdırılması işinə cəlb olunublar. Gürcüstan hakmiyyəti nəinki buna mane olmur, hətta prosesin aktiv iştirakçısıdır. Bununla yanaşı, Dövlət Departamentinin insan haqları üzrə ilik hesabatlarına, eləcə də bu sahədə çalışan yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışlarına Tbilisidə daha praqmatik yanaşma nümayiş etdirirlər. Azərbaycan hakimiyyəti də siyasi iradə ortaya qoymaqla qonşu ölkələrin bu istiqamətdə təcrübəsindən bəhrələnə bilərdi.

Azərbaycanı yenidən Moskvanın orbitinə qaytarmaq əlbəttə ki, çıxış yolu deyil. Bu, ölkəni vassala çevirə bilər və növbəti faciələrimizin başlanğıcı olacaq. Qərb müttəfiqlərindən uzaq düşmək isə Azərbaycanın regionda təklənməsi ilə nəticələnəcək. Tək olmaq qorxuludur, amma dostlar arasında özünü yad hiss etmək də az qorxulu deyil. Yaxşı olardı ki, Bakıdakı rəsmilər ölkəni pis seçimlə ən pis seçim arasında qoymasınlar. Doğru yol diplomatik yaradıcılığın günclənməsi və tərəfdaşlarla dialoqların aparılmasıır.

Başa düşürəm ki, Azərbaycan hakimiyyəti müəyyən məsələlərdə, o cümlədən daxili siyasətdə öz mövqeyini diqtə etməyə çalışır. Amma dipomatiya həm də qarşı tərəfi dinləmək deməkdir. Öz mövqeyini ortaya qoy, amma qarşındakılara da qulaq as. Vaxtı ilə ABŞ dövlət katibi Colin Powell demişdi ki, başqaları ilə münasbətlərinizi elə qorumalısınız ki, dar məqamda birlikdə işləyə də biləsiniz. Bax indi, həmin an yetişib. Bir ölkəni yaxından tanımaq üçün onun böhran dövründə necə idarə olunduğuna kifayət etmək yetərlidir.

-Yeri gəlmişkən, ötən həftə ABŞ “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb. Niyə bu müddət hər dəfə uzadılır? Bu sənədin uzanması müddətinin qarşısını almaq mümkün deyilmi?

-Ondan başlayaq ki, 907-ci düzəlişin dondurulması Tramp Administrasiyasının ilk iki ilində nəzərdən qaçmışdı və bununla da ABŞ-Azərbaycan hərbi münasibətləri 2001-ci ildən də əvvəlki dönəmə geriləmişdi. Ötən ay isə Administrasiya artıq ikinci dəfə bu düzəlişdən imtinanın müddətini uzatdı. Bu, yaxşı əlamətdir. Düzəlişin birdəfəlik ləğvi isə təəsüf ki, mümkül deyil, belə ki, ABŞ-da qanunlar asanlıqla geri oxunmur. Vaşinqtonda rəsmilər mənimlə söhbətdə yarı-zarafat, yarı-ciddi deyirlər ki, "907-ni" birdəfəlik tarixin arxivinə göndərmək Qarabağ düyününün çözümünü tapmaqdan daha çətin prosesdir. Xüsusilə də nəzərə aldıqda ki, hazırda bu düzəlişin qüvvəsi demək olar yox dərəcəsindədir.

-Ümumiyyətlə, son vaxtlar ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiz? Müsbətə doğru hansısa dəyişiklik varmı? Və ya münasibətlərin daha da yaxşılaşması üçün hər iki tərəf nə etməlidir?

-Geniş sualdır, amma qısa cavab verməyə çalışacağam. ABŞ Azərbaycanı itirmək istəmir, bu birmənalıdır. Münasibətlər əvvəlkindən dərindir, hərçənd ki, bu, Bakıdakı rəsmilərin "nazı ilə oynamaq" bahasına başa gəlir və uzunmüddətli prespektivdə etibarlı deyil. Narahatedici məqam odur ki, Azərbaycan rəsmiləri nəinki insan haqları məsələsində Vaşiqntonun mesajlarını qulaqardına vururlar, hətta Vaşinqtondakı lobbiçilərinin əli ilə bu istiqamətdə çalışan ABŞ institutlarını nüfuzdan salmağa çalışırlar. Bu, qəbulolunmazdır. Diplomatiya təkcə yeri gəldi-gəlmədi sözünü deməkdən və addım atmaqdan ibarət deyil, həm də səhv danışmaq və davranmaqdan yayınmaq deməkdir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz