Avropa Məhkəməsi Ramil Səfərovun işi ilə bağlı qərarı ELAN ETDİ
Tarix: 26-05-2020, 15:50
Bugün, mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə Macarıstandan ekstradisiya olunan Azərbaycan hərbçisi Ramil Səfərovla bağlı qərarını elan edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun deməsinə görə, AİHM hesab edib ki, "Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı" işində Azərbaycan Avropa Konvensiyanın 2-ci (yaşamaq) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verib.
Hüquqşünas vurğulayıb ki, qərara görə, nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci (Məhkəmə işinin araşdırılması) maddəsinə əməl ediblər və tələb olunan sənədləri məhkəməyə təqdim etməyiblər.
X.Ağalıyev deyib ki, Azərbaycan ərizəçilərə 15 min 143.33 funt strerling təzminat ödəməlidir. Onun bildirməsinə görə, təzminat xərc və məsrəflərə görədir:
"Məhkəmə bu tələbi qəbul etməyib…"
"Bu işdə ərizəçilər maddi və mənəvi zərər əvəzi tələb irəli sürməmişdilər. Onlar tələb etmişdilər ki, AİHM Azərbaycanın üzərinə R.Səfərovun əfv edilməsi ilə bağlı əfv fərmanın ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun. Məhkəmə isə bu tələbi qəbul etməyib və öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır. Yəni, AİHM-nin qərarı qüvvəyə minəndə hər bir dövlət o qərarı necə icra edəcəyi ilə bağlı fəaliyyət planını Avropa Şurasının Nazirlər Komitəsinə təqdim edir. Məhkəmə də hesab etdi ki, Azərbaycan bu işi üzrə qərarın icrası ilə bağlı fəaliyyət planını özü müəyyən edir".
Hüquqşünasın vurğulamasına görə, AİHM-ə şikayət edən Qurqen Markaryanın ailəsi iddia edib ki, R.Səfərovun Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb.
Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14 (ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və Maddə 38 (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər: "Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər".
Bu qərara, hələlik, Azərbaycan və Macarıstan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər