Donald Trampdan Rusiyayla bağlı növbəti AÇIQLAMA
Tarix: Dünən, 11:38
ABŞ prezidenti Donald Tramp bazar günü jurnalistlərin Ukraynadakı təcavüzkar müharibəyə görə Rusiyaya sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olub-olmaması barədə sualına müsbət cavab verib.
Civilazerbaijan.com bildirir ki, Tramp əlavə şərh verməyib, ona dəqiqləşdirici suallar da verilməyib.
ABŞ prezidenti daha öncə Rusiyaya əlavə sanksiyaları, Moskva sülh sazişinə razlaşmazsa, onun ticarət tərəfdaşlarına tariflərin tətbiqini istisna etmirdi. Avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Tramp təxminən iki həftə ərzində Rusiyanın mövqeyinə baxacağını, buna uyğun qərar verəcəyini bildirmişdi.
Sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya yüzlərlə dronla zərbə endirib. Dörd nəfər həlak olub. Kiyevin mərkəzində hökumət binası, bir sıra obyektlər zərər görüb. Bəzi Qərb liderləri bunu Rusiyanın sülh istəməməsinin növbəti göstəricisi adlandırıblar. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq da Rusiyanın zərbəsini bu cür dəyərləndirib.
ABŞ-nin maliyyə naziri Skott Bessent sentyabrın 7-də "NBC News"a müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Rusiyaya təzyiqləri daha da artırmağa hazırdır, amma bunun ABŞ-nin Avropa İttifaqındakı tərəfdaşlarının oxşar addımları ilə eyni vaxtda baş verəcəyini gözləyirlər.
ABŞ administrasiyası Rusiyaya sanksiyaların sərtləşdirilməsinin gecikməsini əvvəl belə izah etmişdi ki, bu halda Moskva danışıqlardan çəkilə və müharibə qeyri-müəyyən müddətə uzana bilər.
Yeni administrasiyanın hakimiyyətə gəlməsindən bəri ABŞ Rusiyaya qarşı yeni sanksiyalar, demək olar ki, tətbiq etməyib. Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr bu addımları atıblar. Amma Vaşinqton mövcud sanksiya rejimini yumşaltmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər