GRECO-nun Azərbaycanda korrupsiya ilə mübarizə haqqında RƏYİ
Tarix: 3-06-2020, 20:36
Avropa Şurasının korrupsiyaya qarşı bir qrup dövləti (GRECO) iyunun 3-də videokonfrans formatında brifinq keçirib və illik məruzəni təqdim edib.
CivilAzerbaijan.com bildirir ki, GRECO-nun prezidenti Marin Mrçela və qrupun icraçı katibi Canluka Espozito parlamentarilər, hakimlər və prokurorlar, həmçinin mərkəzi hakimiyyət orqanları arasında korrupsiyanın qarşısının alınmasına dair tədbirlər haqda məruzə təqdim ediblər.
“Korrupsiya vətəndaşların demokratiya və demokratik institutlara olan inamını pozur. Ona görə də korrupsiyaya qarşı mübarizədə səmərəli tədbirlərin həyata keçirilməsi və şəffaflığın dəstəklənməsi dövlət orqanları üçün prioritet olmalıdır. Ötən il üzv dövlətlər irəliləyişə nail olublar, lakin onlar GRECO-nun tövsiyələrinin tam yerinə yetirilməsi üçün səylərini artırmalıdırlar”, - Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç deyib.
GRECO prezidenti Marin Mrçela dövlət qurumlarına cavabdeh olan şəxslərin barəsində korrupsiya faktlarının geniş yayılmasından narahatlığını bildirib.
2019-cu ildə üzv ölkələrin GRECO-nun tövsiyələrinə əməl etməsi bir qədər artıb, lakin ilin sonuna kimi tövsiyələr ancaq 36% yerinə yetirilib.
Yerinə yetirilən tövsiyələrin ən aşağı səviyyəsi parlamentarilər (27%), hakimlər və prokurorlarla - 37% və 46% bağlı olub.
“Bu, insanların siyasətə olan inamının çox aşağı olmasının səbəbini xeyli dərəcədə izah edir”, - GRECO prezidenti bildirib.
2019-cu ilin sonunda 18 ölkədə vəziyyət qiymətləndirilib. GRECO-nun hüquq-mühafizə orqanlarına dair tövsiyələri davranış kodeksi, xidmətdə irəliləmə və işdən çıxarılma, maraqların toqquşması, işəgötürmədə məhdudiyyətlər və məlumatlandırıcıların müdafiəsi ilə bağlı olub.
Azərbaycana gəlincə, 31 dekabr 2019-cu ildəki vəziyyətə görə, ölkələr 21 tövsiyədən 13-nü (62%) tam yerinə yetiriblər. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, 3 tövsiyə yerinə yetirilməyib (14%).
31 dekabr 2019-cu il tarixinə olan vəziyyətə görə, Azərbaycan deputatların (50%), hakimlər və prokurorların (57%) barəsində GRECO tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub.
Korrupsiyaya qarşı dövlətlər qrupu (GRECO) Avropa Şurasının orqanıdır. Qurumun məqsədi AŞ üzvü olan dövlətlərdə, həmçinin Belarus, Qazaxıstan və ABŞ-da korrupsiyaya qarşı mübarizədir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər