Məhkəmənin Əli Kərimlinin işgəncə şikayəti ilə bağlı QƏRARI
Tarix: 10-06-2020, 12:00
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin prokurorluqdan şikayətini məhkəmə geri qaytarıb.
CivilAzerbaijan.com-un AzadlıqRadiosuna istinadla məlumatına görə, Ə.Kərimli deyir ki, prokurorluq onun 19 oktyabr 2019-cu ildə Milli Şuranın mitinqində tutulması və döyülməsi ilə əlaqədar polislər haqqında cinayət işi başlamaqdan imtina edib. Amma o, Bakı Şəhər Prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 5 dekabr 2019-cu il tarixli həmin qərarını bu günə qədər ala bilmədiyini deyir.
Ə.Kərimli prokurorluğun qərarından Səbail Rayon Məhkəməsinə şikayət vermişdi. AXCP sədri mitinqdə ona qarşı baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 5 (azadlıq hüququ), 11 (toplaşmaq hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusu kimi qiymətləndirilməsini xahiş etmişdi. Onun istəyi həm də bu idi ki, məhkəmə prokurorluğun üzərinə bu işlə bağlı səmərəli araşdırma aparmaq öhdəliyi qoysun.
Məhkəmə şikayəti niyə geri qaytarır
Amma Səbail Rayon Məhkəməsi şikayəti geri qaytarıb. Əsas kimi isə prokurorluğun qərarının əlavə olunmaması göstərilib. Hakim Azər Tağıyev Cinayət-Prosessual Məcəlləsinin 122-ci maddəsinə istinad edib. Bu maddədə yazılıb ki, "şikayəti şəxsin özü və ya nümayəndəsi imzalamadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər".
Ə.Kərimli isə razılaşmır. Bildirir ki, həmin maddədə şikayət edilən qərarın əlavə olunmasından söhbət getmir. Şikayətin hansı qərara söykəndiyi göstərilməlidir.
"İkincisi, şikayətdə aydın şəkildə yazılıb ki, Bakı Şəhər Prokurorluğunun 5 dekabr 2019-cu il tarixli qərarı bu günə qədər mənə təqdim olunmayıb. Bununla bağlı prokurorluğa yazılı müraciətlərim də nəticə verməyib. Qərar məqsədli şəkildə mənə təqdim edilmir. Hakim bu qanunsuzluğa son qoymaq, həmin qərarın surətini prokurorluqdan tələb etmək əvəzinə, onu geri qaytarmaqla özbaşınalığın iştirakçısına çevrilib", - Ə.Kərimlinin sözləridir.
AXCP sədri məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Hesab edir ki, qərarın təqdim olunmaması, hakimin də bu əsasla şikayəti geri qaytarmasında məqsəd ona qarşı işgəncə şikayətinin Avropa Məhkəməsinə gedib çıxmasını əngəlləməkdir. Çünki Avropa Məhkəməsinə şikayət üçün öncə ölkə daxilindəki məhkəmə instansiyalarını keçmək, hüquqi müdafiə vasitələrini tükəndirmək lazımdır.
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi Rəşad Mansurov isə hələ yanvar ayında sözügedən qərarın Ə.Kərimlinin yaşadığı ünvana poçtla göndərildiyini bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər