Vüqar Səfərli niyə həbs olunmur?
Tarix: 11-06-2020, 14:53
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. Məlumat Hesablama Palatasının Baş Prokurorluğa təqdim etdiyi 400 səhifəlik hesabata istinadən yayılıb.
“KİVDF-də yoxlamalar çoxsaylı nöqsanları üzə çıxarıb”
Yerli mətbuat Hesablama Palatasının KİVDF-də yoxlamalar apardığını bildirib. Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 4-də KİVDF-nin İcraçı Direktoru Vüqar Səfərli vəzifəsindən azad olunub və onun yerinə Əhməd İsmayılov təyin edilib. Təyinatdan sonra mediada və sosial şəbəkələrdə KİVDF-də yoxlamaların aparıldığı, o cümlədən, mənzil almayan 31 jurnalistin Respublika Prokurorluğuna müraciət etməsi haqqında məlumatlar yayılıb.
Hesablama Palatasının yoxlamaları nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib.
Bundan sonra materialların “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
KİVDF-nin yaradılmasında məqsəd:
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2008-ci ildə yaradılıb. Fondun əsas məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.
Ekspertlər Meydan TV-nin əməkdaşı ilə söhblətində Vüqar Səfərlinin 100 min manat ödəməsinə münasibət bildiriblər.
“100 min manat oğurladığını deyirlər, bəs niyə həbs etmirlər?!”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev: “Hesabatda göstərilən ziyanın 100 min manat olması formaldır. Dövlətə vurulan ziyan aşağısı 20 dəfə çoxdur. 2017-ci ilin 31 avqustunda mən həbs olunanda istintaqa rəhbərlik edən müstəntiq Vüsal İbadov məni 27 min manat vergidən yayınmaqda ittiham etmişdi. Buna görə həbs olundum. Sonra məlum oldu ki, uydurmadır, vergini vaxtında ödəmişik. Bakı Apelyasiya Məhkəməsində müstəntiq Vüsal İbadov barəmdə qətiimkan tədbirinin ləğv edilməsinin əleyhinə çıxaraq bildirdi ki, dövlətə 350 min manat ziyan vurmuşam, bu, ağır cinayətdir. Sonra araşdıranda məlum oldu ki, rəqəm saxtadır. Ardınca 27 min manat ziyan vurulduğu deyildi, bir qədər sonra o da yalan çıxdı. İndi sual edirəm, Vüqar Səfərlinin 100 min manat oğurladığını deyirlər, bəs niyə həbs etmirlər?! 100 min manat inandırıcı rəqəm deyil. KİVDF-nin oğurladığı aşağısı 20 qat çoxdur”.
“KİVDF-nin Azərbaycan mediasına vurduğu ziyanı necə ödətdirəcəklər?”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “İstintaq onsuz da bütün həcmdə vurulan ziyanın ödənilməsini tələb edəcək. Ola bilsin ki, siftəsini etmək üçün 100 min manat ödəyib, qalanını gedib məsləhətləşməlidir. Əlbəttə, söhbət böyük məbləğlərdən gedir. Amma həmin məbləğ hökumətin gözünə də görsənmir. Əgər görünsəydi, yoxlama əvvəllər aparılardı. Başqa nazirliklərdə fırlanan pulların yanında göstərilən rəqəm heç nədir. KİVDF-nin Azərbaycan mediasına vurduğu ziyanı necə ödətdirəcəklər? Bəlkə də fondun fəaliyyətində 5-10 milyon ziyan olubsa, Azərbaycan mediasına vurulan ziyanı bərpa etmək üçün qat-qat artıq məbləğlər lazımdır”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər