Avropa Şurası Komissarından Yasamaldakı polis əməliyyatıyla bağlı AÇIQLAMA
Tarix: 12-06-2020, 12:59
Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç iyunun 8-də Bakının Yeni Yasamal yaşayış massivində polis reydi ətrafındakı vəziyyətlə bağlı şərh verib.
CivilAzerbaijan.com Turan agentliyinə istinadla bildirir ki, Komissar COVID-19 pandemiyası ilə əlaqədar bir çox Avropa Şurası ökələrinin insan həyatlarını qorumaq naminə ölçülər götürdüyünü, ictimai toplantılara, hərəkət azadlıqlarına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini qeyd edib.
"Təəssüf ki, Azərbacyan da daxil olmaqla, bəzi hökumətlər bu məcburiyyətdən bəhanə kimi istifadə edərək, ifadə azadlığına və toplaşma azadlığına basqılar həyata keçirirlər" , deyə Miyatoviç bildirib. Onun sözlərinə görə, COVID-19 məhdudiyyətləri azadlıqların dayandırılmasına xidmət etməməlidir. "Böhran vaxtında hüquqlara tətbiq edilən məhdudiyyətlər qanunçuluq prinsiplərinə, ehtiyaca və proporsionallığa riayət etməlidir", deyə o əlavə edib.
Miyatoviç Azərbaycanda toplaşma azadlığına qarşı tətbiq olunan qeyri-proporsional müdaxilələrə qarşı xəbərdarlıq etdiyini qeyd edib.
"Bu yaxınlarda Daxili İşlər nazirinə göndərilən məktubda mən nümayişlərin dağıdılması və bu kontekstdə toplaşma azadlığına qoyulan məhdudiyyətlər, ələlxüsus hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə qarşı ifrat güc tətbiqi ilə bağlı narahatlıqları qaldırmışam".
"Şübhəsiz, hökumətlər pandemiya dönəmində misilsiz sınaqlarla üzləşirlər. Lakin böhran ifrat güc tətbiqinə, fiziki bədrəftara və polis tərəfindən başqa hüquq pozuntularına haqq qazandıra bilməz", deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 8-də səhər saat 6-da onlarla polis Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivində reyd həyata keçirib. Polislər mənzillərə daxil olaraq, insanları yarıçılpaq vəziyyətdə küçəyə çıxarıb, döyüb və təhqir edib. Bu zaman polis zabitləri bütün bunları videoya çəkib, daha sonra isə İnternetə yerləşdiriblər.
11 nəfər həbs edilib, onlar polis bölmələrində bir neçə saat döyülüb, daha sonra məhkəmə onları 15-30 gün müddətinə həbs edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər