Prezident İlham Əliyevin tənqidinə müxalifətin CAVABI

Xəbərin çap versiyası
Tarix: 26-06-2020, 21:05
Prezident İlham Əliyevin tənqidinə müxalifətin


Azərbyacan prezidenti İlham Əliyev iyunun 25-də hərbçilıər qarşısında çıxışında Azərbaycan ərazilərinin ermənilərin nəzarətinə keçməsində 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olmuş Əbülfəz Elçibəy hakimiyyətini günahlandırıb. Əliyevin fikrincə, Elçibəy hakimiyyətinin səhvləri ucbatından Azərbaycan əraziləri işğala məruz qalıb. O, adlarını çəkməsə də, o zamankı Milli Məclisin spikerini (İsa Qəmbər-red) və dövlət katibini (Əli Kərimli-red) fərari adlandırıb.


Əliyev hesab edir ki, Azərbaycanın uğurlu inkişafı atası, keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlayıb və bu uğuru o davam etdirir.

CivilAzerbaijan.com AmerikanınSəsi-nə istinadla bildirir ki, prezident Əliyev son bir neçə ayda, xüsusilə koronavirus pandemiyası başlayandan sonra hazırkı müxalifətə, xüsusilə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyalarına qarşı daha sərt ittihamlar irəli sürür.

Xalq Cəbhəsi və Müsavat Partiyaları Əliyevin ittihamlarını qəbul etmir və onun özünün ölkəni uğursuz idarə etdiyini bildirir.

İlham Əliyev: Onlar fəraridirlər, satqındırlar, xaindirlər

Prezident İlham Əliyev uyunun 25-də hərbçiilər qarşısında çıxışında müxalifətin ünvanına sərt ittihmlar irəli sürüb.

Onun çıxışında müxalifətlə bağlı məqamı təqdim edirik:

Əlbəttə, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.

Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır.

Prezident İlham Əliyevin tənqidinə müxalifətin


Arif Hacılı: Biz yaşıdıq, döyüşün ən gərgin yerlərində olmuşam, - o dövrdə İlham Əliyev harada idi?

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, 17 il Azərbaycanın Ali Baş Komandanı olan şəxs ərazilərin işğaldan azad olunması üçün heç bir ciddi iş görə bilmir.

Aparılan yarıtmaz, səriştəsiz siyasət nəticəsində ərazilərimizin işğaldan azad edilməsi imkanlarımız getdikcə daha çox itirilir. Ali Baş Komandan öz bacarıqsızlığının, acizliyinin kompleksini yaşayır. Zaman-zaman tarixə dönərək, gah Xalq Cümhuriyyətinin, gah da Elçibəy hökümətinin ünvanına əsassız, ittihamlar səsləndirməklə öz uğursuzluqlarını ört-basdır etmək istəyir. Şuşanın işğalından əvvəl, hələ aprel ayının əvvəllərindən AXC mitinqləri, ümumiyyətlə hər hansı kütləvi aksiyaları birtərəfli qaydada ləğv etmişdi. Biz ərazilərimiz uğrunda, Şuşa uğrunda döyüşürdük. Ramiz Qəmbərov həlak oldu. Könüllü cəbhəçilərdən çoxsaylı şəhidlərimiz oldu, doğma qardaşım ağır yaralandı. Şahidlər yaxşı bilir ki, özüm Laçında müdafiəni təşkil etmək üçün əlimdən gələni etdim. Biz İlham Əliyevlə yaşıdıq. Mən həmin dövrdə ərazilərimizin müdafiəsini təşkil etmək üçün Qarabağın bütün rayonlarında, döyüşün ən gərgin yerlərində olmuşam. Həmin dövrdə İlham Əliyev harada idi? Nə işlə məşğul idi? Ümumiyyətlə, bu nəslə aid olub, bu soyadı daşıyan bir nəfərin Qarabağın, yaxud Naxçıvanın müdafiəsi ilə bağlı döyüşlərdə iştirakı barədə hər hansı fakt varmı? Biz o dövrdə bütün mitinqləri, faktiki olaraq daxili siyasi mübarizəni dayandırıb ərazilərimizin müdafiəsi ilə məşğul olanda mütəllibovçular onu hakimiyyətə qaytarmaq, əliyevçilər isə yaş senzinin ləğvi tələbi ilə Bakıda fasiləsiz mitinqlər keçirirdilər. Şuşanın işğalı günü də parlament binası qarşısında hakimiyyət hərislərinin bu mitinqləri davam edirdi. İlham Əliyevin zaman-zaman əleyhimizə dedikləri qara PR kampaniyası, mənim dediklərim isə hələ milyonların yaddaşında olan və ya o dövrün mətbuatını izləmək yolu ilə asanlıqla müəyyənləşməsi mümkün olan faktlardır.

Prezident İlham Əliyevin tənqidinə müxalifətin


Seymur Həzi: Bu qədər bəsdir, koronovirus dövründə yersiz polemikaya getmək istəmirik

AXCP sədri, keçmiş dövlət katibi Əli Kərimlinin telefonlarına zəng çatmadığından onun müavini Seymur Həzi suallarımızı cavablandırıb. AXCP sədri Əli Kərimli yazır ki, onun evi 60 gündən çoxdur blokadadır. Telefon və internet əlaqələri kəsilib.

AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə bildirib ki, ölkənin belə ağır günündə İlham Əliyevin yenə də bu leksikonda danışması təəssüf doğurur.

Amma təəccüblü də heç nə yoxdur. Görünür ki, o hələ də problemin ciddiyyətinin ya fərqində deyil, ya da insanların bu pandemiyaya inanmasında maraqlı deyil. Biz bütün çıxışlarımızda milli birlik, bərabərliyə çağırırıq, xalqımızı təmkinə və xoş görüşə çağırırıq, dövlət başçısı isə hər dəfə 28 il öncənin uydurulmuş tarixinə istinad edib, Xalq Hərəkatını onun liderlərini, dolayı yolla xalqın mühüm hissəsini hədəf alır. Nədir həqiqət? Həqiqət Şuşanın işğalından bir neçə gün öncə şəhid olmuş Şuşa Xalq Cəbhəsinin sədri və özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov mitinqdə çıxışında (videosu durur) deyir. Deyir ki, mərkəzi hakimiyyət bizi köməksiz qoyub əzmimizi sındırmaq istəyir, amma erməni ordusu mənim meyitimin üstündən keçib Şuşaya girə bilər. Ramiz bəy şəhid düşür, Xalq Cəbhəsi batalyonu ləğv edilir, Şuşa təhvil verilir. Bu il Laçın Xalq Cəbhəsinin o zamankı sədri, Laçın özünümüdafiə batalyonunun komandiri Arif Paşayev müsahibəsində dedi hər şeyi. “Elçibəy mənə dedi ki, əsas ön cəbhədə düşmənlə mübarizədir. Oranı bir an da boş qoymaq olmazdı”. O Arif Paşayev ki, Heydər Əliyev illərlə məhkəmə elədi, bir nöqsanı ortaya çıxmadı. Çünki, hələ 30 aprel 1992-ci ildə Laçın Xalq Cəbhəsi batalyonu ləğv edilmiş, Laçın müdafiəsiz qoyulmuş, Arif Paşayev də müdafiədən kənarlaşdırılmışdı. Amma İlham Əliyevdən soruşmaq lazımdır ki, bütün bu addımları atan Şuşanı Laçını müdafiəsiz qoyan Elbrus Orucova niyə Heydər Əliyev general rütbəsi verdi? Niyə siz onu Müdafiə Nazirinin əməliyyatlar üzrə müavini təyin etmişdiniz? Nəyin mükafatını verirdiniz ona? Kəlbəcərin işğalına gəlincə, bunu da sizdən soruşmaq lazımdır ki, necə oldu ki, Ermənistan Naxçıvan cəbhəsndəki erməni qoşunlarını Kəlbəcər istiqamətində yeritdi, Kəlbəcərdə hər qaya uğrunda şəhid verilərkən ordunun düşmənə qan uddurmağa hazır olan Naxçıvan bölmələrinə imkan vermədilər ki, erməniyə bir güllə atsın? Nəticədə qeyri-bərabər döyüş şəraitində Kəlbəcər itirildi, insanlar yurd-yuvalarından oldu. Kəlbəcərin geri alınması planına da 1993-cü ilin sizi hakimiyyətə gətirən iyun qiyamı imkan vermədi. Kəlbəcərdə xəyanət var idisə, niyə o əməliyyatın ən məsul zabiti- birbaşa komandiri Nəcməddin Sadıqov hələ də ordunun rəsmi ikinci, faktiki birinci şəxsidir? O ki, qaldı fərarilik, qorxaqlıq ittihamına, buna xalqın münasibəti cavab verir. Məncə, indi bu qədər bəsdir, xalqımızın koronovirusla can çəkişdiyi bir dövrdə biz daha çox vaxtsız və yersiz polemikaya getmək istəmirik.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz