AXCP-dən yeni saxlanmalar, həbslər və axtarışlarla bağlı MƏLUMAT
Tarix: 28-07-2020, 20:21
Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinin saxlanmasının və həbs olunmasının davam etdiyini bildirib. Bu gün Sabunçu rayon təşkilatının fəalları Yaşar Kərimov və Emin Fərhadov saxlanılıblar.
CivilAzerbaijan.com bildirir ki, AXCP təşkilat şöbəsinin təlimatçısı, ötən gün saxlanılmış Elnur Yusubov məhkəmənin qərarı ilə 30 gün müddətinə həbs edilib.
Həmçinin bu gün Bakı Apellyasiya Məhkəməsi AXCP üzvləri Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Telman Seyfullayevin həbsilə bağlı şikayətləri təmin etməyib.
Sonuncu on-line formada məhkəmə prosesində iştirak edib. O, işgəncələrdən şikayət etməyib, ancaq bildirib ki, artıq 10 gündür ki, paltarını dəyişə bilmir.
Vəkil Bəxtiyar Hacıyev T.Seyfullayevin ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıb. Ancaq vəsatət təmin edilməyib, Turan-ın məlumatında qeyd olunur.
Bu gün AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin mənzilində axtarış aparılıb. Maraqlıdır ki, güc strukturları M.İbrahimin oğlu Mehdiyə qarşı cinayət işi ilə əlaqədar axtarışa sanksiya verib.
Müstəntiqlərin karantini pozmaqda və koronavirusu yaymaqda ittiham olunan bir şəxsin mənzilində nə axtardıqları aydın deyil.
15 iyul mitinqindən sonra AXCP-nin 40-a yaxın fəalı saxlanılıb. Onlardan 15-nə qarşı cinayət ittihamı irəli sürülüb, 10 nəfər inzibati qaydada həbs edilib. 10 nəfər dindirildikdən sonra buraxılıb. Qalanların taleyi məlum deyil.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər