Rafiq Tağının ailəsi Prezidentə və Baş Prokurora bir daha müraciət etdi
Tarix: 9-08-2020, 15:48
Qətlə yetirilmiş yazıçı Rafiq Tağının ailəsi Azərbaycan Respublikasının Prezidentinə və Baş Prokurora bir daha müraciət edib.
CivilAzerbaijan.com həmin müraciətin mətnini təqdim edir:
"Cənab Prezident İlham Əliyev!
Cənab Baş Prokuror Kamran Əliyev!
Yazıçı Rafiq Tağının qətlinin 9-cu ili yaxınlaşır. Onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək nəinki tapılmamışdır, hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməmişdir. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləmişdir.
Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik.
Yeni Baş Prokuror cənab K.Əliyevin bu işdə əzm göstərəcəyinə ailə adından ümidlər bəsləyirik.
Köhnə tərkibli istintaq qrupu tam fəaliyyətsizlik sərgiləmiş, istintaq hərəkətsizliyi etmişdir. Hətta, zəng edib soruşmasaq, münasibətlərindən bu ağır qətl hadisəsini unudubmuşlar kimi təəssürat yaranır.
Yazıçı Rafiq Tağının ailəsi olaraq, hesab edirik, bu cinayət işinə yenidən baxılmalıdır və bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir. Bu işdə Rafiq Tağının ailəsi adından Sizlərə yardımçı olmağa hazır olduğumu bildirmək istərdim.
Sizi də maraqlı tərəf hesab edərək, bu cinayət işinə yenidən baxmağa səsləyirik.
Yazıçı Rafiq Tağının ailəsi adından:
İlqar Tağı."
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər