Tofiq Yaqublunun məhkəməsinə şahid başqa adla gəlib

Xəbərin çap versiyası
Tarix: 26-08-2020, 22:24
Tofiq Yaqublunun məhkəməsinə şahid başqa adla gəlib


"Hamı məni Naxçıvanda Cavanşir kimi tanıyır, ona görə məni cinayət işində Cavanşir Novruzov kimi yazıblar, əsl adım isə Novruzdur".

CivilAzerbaijan.com
bildirir ki, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə növbəti prosesdə şahid Novruz Novruzov bildirib.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun yaxınları məlumat verib. Onların deməsinə görə, şahidin bu sözləri müdafiə tərəfinin vəkillərinin etirazına səbəb olub. Vəkillər vəsatət qaldırıb ki, cinayət işinin materiallarında şahid qismində təqdim edilən Cavanşir Novruzov ifadə versin, məhkəməyə gələn Novruz Novruzov dindirilməsin.

Vəkillər vəsatəti bununla əsaslandırıb ki, şahid C.Novruzovun şəxsiyyət vəsiqəsinin surəti işin materiallarında yoxdur və onun əvəzinə başqa adam gələ bilər. Məhkəmə prosesinə sədrlik edən hakim Nəriman Mehdiyev vəsatəti təmin etməyib.

Şahidlərdən Əli Ağayev isə yenidən məhkəmə prosesinə gəlməyib. Keçən prosesdə verilən məlumata görə, o, məhkəməyə teleqram vuraraq iclasa gələ bilməyəcəyini bildirib və bunu xəstə olduğu ilə əsaslandırıb.

Vəkillər isə həmin şahidin prosesə gəlməsinin vacib olduğunu bildirərək onun məhkəməyə gələrək ifadə verməsi ilə bağlı vəsatət veriblər. Onlar bildirib ki, şahidin xəstə olduğunu sübut edən həkim arayışı olmalıdır.

Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Növbəti məhkəmə prosesi avqustun 28-nə təyin edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz