Nigar Həzi Tofiq Yaqublu ilə görüşüb: Atam dedi ki...
Tarix: 14-09-2020, 21:04
13-cü gündür ki, ona qarşı verilmiş məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun qızı Nigar Həzi atası ilə görüşə bilib. Onun sözlərinə görə, deyir ki, atası "xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində idi".
CivilAzerbaijan.com bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət bildirib ki, Tofiq Yaqublu özəl xəstəxanaya köçürülüb və özünün istədiyi həkim Adil Qeybullanın nəzarəti altındadır.
Xuliqanlıqda ittiham olunan Tofiq Yaqublu bunu rədd edir və həbsini qanunsuz saydığı üçün aclıq aksiyasına başladığını bildirib.
"Atam mənə dedi ki, artıq sistem köçürülməsindən də imtina edirəm. Mənim qərarım qətidir. Ya azadlıq, ya ölüm,"- Nigar Həzi bildirib.
Onun sözlərinə görə, atası ona aclığı dayandırmayacağını deyib.
"Bizə görüşə icazə vermirlər"
Nigar Həzi bazar ertəsi səhər saatlarında BBC News Azərbaycancaya söyləyib ki, o, atası ilə nə görüşə, nə də telefonla danışa bilir və bunun səbəbi onlara izah olunmayıb.
"Bizim həbsxanada görüş günümüz cümə axşamı, zəng günümüz çərşənbə günüdür, bəlkə onu səbəb gətirə bilərlər. Amma belə şəraitdə görüşə icazə verməlidirlər".
Nigar Həzi deyir ki, atasının həbsxanadan xəstəxanaya köçürüldüyü barədə onlara nə əvvəlcə, nə də sonra məlumat verilib.
Onun sözlərinə görə, ailə bu barədə xəbəri sosial mediadan öyrənib.
Nigar Həzi hazırda atasının reanimasiya şöbəsindən palataya köçürüldüyünü deyir.
"Həkimi ilə bu gün danışdım. Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Aclıq aksiyasını həkim nəzarətində etməyi bizi bir az rahatlaşdırır ki, ehtiyac halında həkim müdaxilə edə biləcək. Hazırda onun yuxu sistemini qaydaya salmağa çalışırlar".
"Sistem köçürülür"
Nigar Həzi bazar günü reanimasiya şöbəsinə yerləşdirilmiş Tofiq Yaqubluya "qida tərkibi olmayan sistem köçürüldüyünü" demişdi:
"Həbsxanada uzun müddət su içə bilmirdi. O qədər ac qalmışdı ki, su da içə bilmirdi. Susuzluqdan fəsadlar əmələ gəlmişdi, yuxusu tamam pozulmuşdu, yata bilmirdi. İndi həmin fəsadlar aradan götürülür".
Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublu reanimasiya şöbəsindən palataya köçürülməlidir.
Bundan əvvəl Penitensiar xidmətin yayıdığı məlumatda qeyd olunmuşdu ki, Tofiq Yaqublunun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, "istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub".
"Eyni zamanda onun xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb".
Məlumatda bildirilib ki, Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı "City Hospital"ına Tofiq Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.
"Tofiq Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya - "City Hospital"a köçürülüb. Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, Tofiq Yaqublunun müayinəsi və müalicəsi bilavasitə həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək," - Penitensiar xidmətin məlumatında deyilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər