"Hamını bir yerə yığıb ağzımızı bağladılar..." - MƏKTUB
Tarix: 23-09-2020, 13:08
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Məhərrəmlinin Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığı bildirilir.
CivilAzerbaijan.com bildirir ki, AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində olan A.Məhərrəmli bunu yazdığı məktubda qeyd edib.
Məlumata görə, A.Məhərrəmli iyul ayında koronavirus diaqnozu ilə 2 saylı Cəzaçəkmə Müəssisəsindən Müalicə Müəssisəsinə köçürülmüşdü.
A.Məhərrəmli məktubunda iddia edib ki, müəssisədə saxlanılan koronavirus xəstələrinə işgəncə verilib: "Tam 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar,...".
Məktubda qeyd edilib ki, onlar yüngül müalicə ilə xəstəliyə qalib gəliblər: "...Hələ günlərlə cəza palatasına (kars) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, "bura "tubzon"un karsıdır, burada istəklər reallaşmır…"".
Məktubda yer alan iddiaya görə, bəzi məhkumlar hətta döyülüb də. Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Bu qurum, bir qayda olaraq, onlara tabe müəssisələrdə məhbusların döyülməsi və işgəncələrə məruz qalmaları ilə bağlı iddiaları yalanlayırlar. Penitensiar Xidmətdən vurğulandığına görə, məhkumlarla qanun çərçivəsində davranılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər