Gəncə atəşə tutulub, 9 nəfər ölüb, yaralananlar var - FOTOLAR
Tarix: 11-10-2020, 13:10
“Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir”.
CivilAzerbaijan.com bildirir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 11-də yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda qeyd olunub ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub:
“Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb”.
Nazirlik bidirib ki, bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir:
“Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir”.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görəsə, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda olan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub:
“16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər