İlham Əliyev Paşinyanla görüşün mümkünlüyü barədə suala cavab verib
Tarix: 29-10-2020, 00:04
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.
CivilAzerbaijan.com bildirir ki, müsahibəni Azərbaycanın rəsmi AZƏRTAC saytı da dərc edib.
“Siz Ermənistanın baş naziri ilə Qarabağ barəsində danışıqlar aparılması üçün Moskvaya gəlməyə hazırsınızmı və hansı şərtlərlə” sualına o, belə cavab verib:
“Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistanın, Azərbaycanın və Rusiyanın rəhbərlərinin - prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistanın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlamada xüsusi rol oynayır”.
Prezident deyib ki, Rusiya tarixən istər Ermənistanla, istərsə də Azərbaycanla həmişə sıx əlaqə saxlayır.
Onun fikrincə siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir:
“Buna görə, əlbəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq”.
“…Biz heç bir şərt qoymuruq”
Azərbaycan prezidenti “yəni, belə dəvət olarsa, siz gəlməyə hazırsınızmı”sualına cavab olaraq isə bunları deyib:
“Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şərtsiz. Buna sübut odur ki, sabah (oktyabrın 29-da) bizim Xarici İşlər nazirləri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcəklər. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim xarici İşlər naziri, - onun Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə səfəri planlaşdırılmışdı, - o, oraya getdi. Ermənistanın xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, imtina etdi”.
Azərbaycan dövlət başçısı əlavə edib ki, humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin görüşü barədə Moskvadan təklif alınanda Azərbaycanın xarici işlər naziri Cenevrədən oraya uçub:
“Yəni, biz heç bir şərt qoymuruq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistanın indiki hakimiyyəti nizamlanma üzrə konstruktiv işə qabil olsun”. - AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər