Hikmət Hacızadə vəfat edib
Tarix: 20-11-2020, 11:11
Azərbaycan milli azadlıq hərəkatının ideoloqlarından sayılan, bu ölkənin Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə noyabrın 20-də vəfat edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə H.Hacızadənin oğlu Adnan Hacızadə məlumat verib. Onun sözlərinə görə, H.Hacızadə noyabrın 11-də insult keçirib: "Atam Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Koronavirus pandemiyası ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb".
Xatırladaq ki, Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Fizika fakültəsini bitirib. 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.
Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə başlayan Azərbaycan istiqlal hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü olub.
O, hərəkatın ideoloqlarından sayılıb. AXC-nin "Svoboda" qəzetinin redaktoru olub, "Azadlıq" qəzetində məsləhətçi işləyib. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi olub.
1993-cü ildən Müsavat Partiyasının üzvü olub və onun Divanına seçilib. O, demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti idi. Xalq Cəbhəsi, Müsavat Partiyası nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, keçid dövrünün problemləri, insan haqları tarixi, nəzəriyyəsi üzrə çoxsaylı yazıların müəllifidir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər