Azərbaycan Ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
Tarix: 20-11-2020, 09:01
Azərbaycan ordusu Ağdam rayonuna daxil olub.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Azərbaycanın Prezidenti, Ermənistanın Baş naziri və Rusiyanın Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Eyni zamanda, qeyd olunur ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağın mərkəzində yerləşən Ağdamın Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalıb. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
Qeyd edək ki, hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər